BDU əməkdaşlarının “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərs vəsaiti nəşr olunub

BDU əməkdaşlarının “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərs vəsaiti nəşr olunub Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları - dosent Samirə Mərdanova və filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanlının “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərs vəsaiti nəşr olunub.

Vəsaitin hazırlanmasında Elm və Təhsil Nazirliyinin eyniadlı fənn üzrə müəyyən etdiyi təlim nəticələri, eləcə də mövcud dərslik və dərs vəsaitlərinin təcrübəsi nəzərə alınıb.

Fənnin poqramı əsasında yazılmış kitabda kommunikasiya elminin konseptual və nəzəri əsasları ardıcıl şəkildə izah edilir, ünsiyyətin mahiyyəti, kommunikasiya prosesi və modelləri, kommunikativ maneələr və onların aradan qaldırılması yolları elmi-nəzəri aspektdə təhlil olunur. Bununla yanaşı, nitq mədəniyyəti, verbal və qeyri-verbal ünsiyyət vasitələri, ədəbi dil normaları, etik davranış və punktuasiya qaydaları, publik çıxış bacarıqları və işgüzar-akademik kommunikasiya formaları kimi mövzular da həm nəzəri, həm də praktik baxımdan əhatəli şəkildə təqdim edilir.

21 mövzudan ibarət və ümumilikdə 486 səhifəni əhatə edən dərs vəsaitinin sonunda işgüzar və akademik kommunikasiya ilə bağlı əsas termin və anlayışların izahı, əlavələr və ədəbiyyat siyahısı yer alır.

Kitabın elmi redaktoru professor İlhamə Hacıyeva, rəyçiləri isə akademik Nizami Cəfərov, professor Nadir Məmmədli, dosentlər Fikrət Şiriyev və Qətibə Quliyevadır.

Bu dərs vəsaiti ali məktəblərin müəllim və tələbələri ilə yanaşı, effektiv ünsiyyət, nitq mədəniyyəti və peşəkar kommunikasiya bacarıqlarının inkişafına maraq göstərən hər kəs üçün dəyərli elmi-praktik mənbədir.

Tehsil-press.az

Oxşar xəbərlər