Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı

Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı Azərbaycanın Ukraynadakı səfirliyinin raket hücumuna məruz qalması ilə bağlı yeni detallar ortaya çıxıb.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, partlayışın gücü səfirliyin yerləşdiyi ərazidə ciddi dağıntıya səbəb olub.

Raket səfirliyin hasarına dəyib, 5-dən çox avtomobil zədələnib, o cümlədən bir BMV markalı maşın ciddi zərər görüb. Hadisədən dərhal sonra səfirliyin əməkdaşları gecə saatlarına qədər çalışaraq binanın sınmış pəncərələrini dəyişdirib və ərazidə təmizlik işləri aparıblar.

Ukraynanın hüquq-mühafizə orqanları – polis və Təhlükəsizlik Xidməti hadisə yerinə cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb və raket qəlpələri toplanaraq ərazi nəzarətə götürülüb.

Qeyd edək ki, bu, 2022-ci ildən bəri Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı həyata keçirilən ikinci hücumdur.

Hadisə yerində çəkiliş aparan “AnewZ” TV-nin əməkdaşları səfirliyin yaxınlığında yaşayan gənc cütlük – Lasik və Olena ilə danışıb. Onlar bildiriblər ki, raketin yaratdığı partlayışın gücü mənzilin bütün pəncərələrini çilik-çilik edib və evə ciddi ziyan dəyib. Cütlük yeni doğulmuş körpələrinin təhlükəsizliyindən narahat olduqları üçün yaşayış yerlərini dəyişməyi düşündüklərini qeyd ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər