Bu barədə deputat Fariz İsmayılzadə bildirib.
“Bu gün deputat həmkarlarımla birlikdə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Pəncəli Teymurovun ev muzeyini ziyarət edərək onun əziz xatirəsinə həsr olunmuş tədbirdə iştirak etdik”, deputat bildirib.
F.İsmayılzadə dövlətimizin rəhbərinə minnətdarlıq edib: “Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şücaət və mərdlik göstərərək, xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına göstərilən yüksək diqqətə, həmçinin gizir, şəhid Pəncəli Teymurovun ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin”.
Ziyarət mərasimində həmçinin, komitə sədri Anar İsgəndərov, deputatlar Rəşad Mahmudov, Məşhur Məmmədov, Vasif Qafarov, Astara rayon ziyalıları və ictimaiyyət nümayəndələri, çoxsaylı sakinlər iştirak edib. Onlar qəhrəman döyüşçümüzün ev muzeyinə də baş çəkiblər, həmçinin anım tədbirində çıxışlar olub, P.Teymurovun döyüş yolundan danışılıb.
Tədbir iştirakçıları P.Teymurovun anası Vahimə Teymurovanın çıxışını ayaq üstə alqışlayıblar. İllərdir oğluna Milli Qəhrəman adını verilməsini gözləyən Vahimə ana Prezidentə təşəkkür edib.
Qeyd edək ki, XTQ mənsubu “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 2013-cü ildə ailə həyatı quraraq öz toyunda özünə şəhidlik arzulayan Pəncəli hələ uşaqlıqdan Xocalıda həmvətənlərimizin başına gətirilən müsibətləri tez-tez xatırlayıb, hərbçi olacağına söz vermişdi. Elə də olur. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənə şərəflə xidmət etdi. XTQ mənsubu kimi o, xidməti dövründə yuxarı komandanlığın verdiyi hərbi tapşırıqları həmişə uğurla icra etmişdir. Pəncəli silahdaşları ilə birgə ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüşdə şəhid olub.
Tehsil-press.az












