Tədbir Sıfır Tullantı Fondu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Toplantının məqsədi qida və su israfının qlobal miqyasda yaratdığı təhlükələrə diqqət çəkmək, Sıfır Tullantı yanaşmasını nümunəvi model kimi təqdim etmək və bu sahədə nazirlər səviyyəsində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Toplantını giriş sözü ilə açan Sıfır Tullantı Fondunun rəhbəri Əminə Ərdoğan qida və su israfının qarşısının alınmasının insanlar arasında aclıq səviyyəsinin aşağı düşməsinə müsbət təsir göstərəcəyini bildirib. O qeyd edib ki, ictimai rəyə güclü təsir imkanları olan kütləvi informasiya vasitələrində qida və su israfını stimullaşdıran reklamların sayı sürətlə artmaqdadır. Bu prosesə qarşı Sıfır Tullantı prinsiplərinin geniş təbliği qlobal miqyasda aclığın miqyasını əhəmiyyətli dərəcədə azalda bilər: Sıfır Tullantı prinsiplərini həyatımızda tətbiq edərək özümüzü və həyatımızı dəyişdirməyə başlayanda görəcəyik ki, dünya da bizimlə birlikdə dəyişir. Çünki bir dilim çörəyi zibilə atmayanda 40 litr suya, bir yumurtanın xarab olmasına imkan verməyəndə 196 litr suya, bir almanı soyuducuda çürütməyəndə 196 litr suya qənatə etmiş olacağıq. Unutmayaq ki, 190 milyon uşağın acından gözünün qaraldığı bir dünyada yaşayırıq”.
Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, planetimizin üzləşdiyi ən böyük problemlərdən biri qida və su israfıdır.
Onun sözlərinə görə, hər il dünyada təxminən 1,3 milyard ton ərzaq atılır, eyni zamanda 783 milyon insan aclıq həddində yaşayır. Dünya əhalisinin yarısı ilin müəyyən dövrlərində orta və yüksək səviyyədə su qıtlığı ilə qarşılaşır. Nazir qeyd edib ki, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin artması mövcud vəziyyəti daha da ağırlaşdırır və belə tədbirlər ictimai diqqəti bu problemə yönəltmək baxımından daha çox əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, su və qida artan əhali tələbatını qarşılamaq üçün həyati resurslardır. Lakin bu resurslar məhduddur, tələbat isə sürətlə artır. Nazir vurğulayıb ki, Dünya Bankının hesablamalarına əsasən hər il təxminən 1 trilyon ABŞ dolları dəyərində qida israf olunur. 2022-ci ildə dünya əhalisinin 29,6 faizi orta və ya ağır dərəcəli qida təhlükəsizliyi problemləri ilə üzləşib.
Məcnun Məmmədovun sözlərinə görə, qida israfının azaldılması üçün dövlət və özəl sektor birgə səylər göstərməlidir. Maarifləndirmə, təkrar emalın təşviqi, səmərəli qablaşdırma və istehlakın real ehtiyaclara uyğunlaşdırılması bu istiqamətdə əsas mexanizmlər kimi çıxış edir. Nazir qeyd edib ki, kənd təsərrüfatı sektoru qlobal su stresində həlledici rol oynayır. Bu çağırışların həlli üçün Azərbaycan su resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, iqlimə uyğun əkinçilik təcrübələrinin genişləndirilməsi və rəqəmsal-ağıllı texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atır.
Nazir çıxışında ölkəmizdə müasir suvarma sistemlərinin tətbiqinə göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumat verərək, damcı və pivot suvarma texnologiyalarının genişləndirilməsinin prioritet istiqamət olduğunu vurğulayıb.
İstanbulda Sıfır Tullantı Forumu çərçivəsində keçirilən kənd təsərrüfatı və meşəçilik nazirlərinin yüksək səviyyəli toplantısı işini bu gün yekunlaşdıracaq.
Tehsil-press.az



