Məktəb yolunda dayanmış qızlar - kim onların yolunu kəsir?

Məktəb yolunda dayanmış qızlar - kim onların yolunu kəsir? “Dördüncü sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur. Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib.

Niyə hələ də cəmiyyətimizdə xüsusən regionlarda qız uşaqlarının təhsilinə məhdudiyyətlər qoyulur? Məktəb hansı formada bu məsələnin qarşısını ala bilər?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov danışıb:

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət hər bir vətəndaşa cinsindən asılı olmayaraq bərabər təhsil alma hüququ təmin edir. Həmin qanunun 18-ci maddəsində göstərilir ki, valideynlər uşağın təhsil almasına şərait yaratmağa borcludurlar. Lakin real vəziyyət göstərir ki, bu hüquq regionlarda tam reallaşmır. Qızların 9-cu sinifdən sonra məktəbdən çıxarılması halları bəzi rayonlarda hələ də müşahidə olunur. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, ölkə üzrə ümumi təhsil müəssisələrində qızların payı 48,9 faiz təşkil etsə də, 10–11-ci siniflərdə bu göstərici 45 faizədək enir. Bu, hər on qızdan birinin təhsildən erkən ayrıldığını göstərir.

Nazir Emin Əmrullayevin çıxışında vurğulanan bu məsələ təkcə pedaqoji deyil, həm də sosial ədalət problemidir. O, məsələyə faktlara əsaslanaraq toxunmaqla göstərdi ki, təhsil bərabərliyi yalnız rəsmi sənədlərdə deyil, praktik səviyyədə də təmin edilməlidir. Bu yanaşma Elm və Təhsil Nazirliyinin son illərdə qəbul etdiyi “Qızların təhsildən yayınmasının qarşısının alınması üzrə fəaliyyət planı” və “Təhsildə gender bərabərliyi strategiyası” kimi sənədlərdə öz əksini tapır. Nazirliyin bu istiqamətdə atdığı addımlar - valideyn maarifləndirilməsi, icma əsaslı monitorinqlərin aparılması, məktəb rəhbərlərinin məsuliyyətinin artırılması - təqdirəlayiq və sistemli yanaşmadır”.

Mütəxəssis qeyd edib ki, valideynlərin qız uşaqlarının təhsilinə qoyduğu məhdudiyyətlərin arxasında çox vaxt “ənənə”, “təhlükəsizlik”, “maddi vəziyyət” kimi arqumentlər dayanır:

“Lakin bu arqumentlər sosial və hüquqi baxımdan əsaslı deyil. Təhsil yalnız fərdin deyil, ailənin gələcək rifahını da müəyyən edən amildir. Statistikalar göstərir ki, təhsil səviyyəsi yüksəldikcə ailənin gəlir səviyyəsi və sosial sabitliyi də artır. UNESCO-nun 2023-cü il hesabatına görə, orta təhsili başa vuran qadınların əmək bazarında iştirak faizi təhsil almayan qadınlara nisbətən iki dəfə çoxdur. Azərbaycan üçün də bu göstərici oxşardır. Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən, orta ixtisas və ali təhsilli qadınların 62 faizi daimi işlə təmin olunub, halbuki bu göstərici yalnız ümumi təhsili olan qadınlar arasında 34 faizdir.

Dünya təcrübəsi sübut edir ki, qızların təhsildən yayınması problemi inkişaf etməkdə olan ölkələrdə yalnız maarifləndirmə və iqtisadi stimullar vasitəsilə aradan qaldırıla bilər. Məsələn, Banqladeş və Türkiyədə tətbiq edilən “qızlara təhsil müavinəti” proqramları nəticəsində 10 il ərzində qızların məktəbdə qalma faizi 20–25 faiz artıb. Azərbaycan üçün də belə modellərin yerli səviyyədə uyğunlaşdırılması mümkündür. Nazirliyin son illərdə icra etdiyi “Məktəbə qayıdış” və “Qızlar məktəbdə qalsın” təşəbbüsləri bu istiqamətdə müsbət addımdır və dövlətin sosial məsuliyyətini nümayiş etdirir”.

Kamran Əsədov vurğulayıb ki, məktəblərin və müəllimlərin rolu bu məsələdə həlledicidir:

“Məktəb yalnız bilik verən deyil, həm də sosial dəyərləri formalaşdıran mərkəzə çevrilməlidir. Direktorlar və sinif rəhbərləri tərəfindən valideynlərlə aparılan fərdi görüşlər, uğurlu qadın məzunlarla təşkil olunan motivasiya görüşləri, həmçinin təhsil nazirliyinin təşəbbüsü ilə yaradılan “Qızlar üçün mentorluq proqramı” bu istiqamətdə müsbət təsir göstərməkdədir.

Lakin problemlərin tam həlli üçün daha dərin sistem yanaşması tələb olunur. Təhsildən yayınan qızların qeydiyyatı və səbəblərinin rəsmi hesabat formasında illik monitorinqi aparılmalıdır. Məktəb psixoloqları və sosial işçilərin rolu gücləndirilməli, ailələrdə maarifləndirici səviyyədə qadın təhsilinin iqtisadi və sosial faydaları izah edilməlidir.

Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin təşəbbüsü dövlət siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Nazirliyin faktlara söykənən yanaşması göstərir ki, təhsil bərabərliyi yalnız formal şüar deyil, ölkənin insan kapitalının qorunması üçün strateji məqsəddir. Qızların təhsildə qalması və onların 11-ci sinfi bitirənlər arasında payının artması ölkənin əmək bazarına, ali təhsilə qəbul səviyyəsinə və ümumilikdə milli inkişaf indekslərinə müsbət təsir göstərəcək.

Bu sahədə dəyişiklik artıq başlanıb, lakin onun davamlı olması üçün cəmiyyətin düşüncə tərzi dəyişməlidir. Valideynlər anlamalıdırlar ki, qız uşağını təhsildən uzaqlaşdırmaq ailəni qorumaq deyil, gələcəyi məhdudlaşdırmaqdır. Təhsil Nazirliyinin son addımları göstərir ki, dövlət bu məsələdə qətiyyətlidir və cəmiyyətin ənənəvi baryerlərini aşmaq üçün həm hüquqi, həm sosial, həm də mənəvi mexanizmləri səfərbər edir. Bu isə Azərbaycanın gələcəkdə daha bərabər, daha savadlı və daha güclü cəmiyyət qurması üçün möhkəm təməl yaradır”.

Tehsil-press.az

Oxşar xəbərlər