
Hansı rayon üzrə cari sertifikasiya imtahan nəticələrinə əsasən müəllimin əmək müqaviləsinə xitam verilməyib? Abşeron-Xızı Regional Təhsil İdarəsindən azedu.az-a verilən məlumata əsasən, Xızı rayonu üzrə cari sertifikasiya imtahan nəticələrinə görə heç bir müəllim işdən azad edilməyib.
Son illər Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həyata keçirilən sertifikasiya prosesi artıq bir neçə mərhələdə tətbiq olunur. Bu proses nəticəsində bəzi müəllimlər uğur qazansa da, müəyyən bölgələrdə təhsil verənlərin ciddi çətinliklərlə üzləşdiyi müşahidə edilir. Müsabiqə şərtlərini ödəyə bilməyənlərin əmək fəaliyyətinə xitam verilməsi isə cəmiyyətdə müxtəlif suallar doğurur.
Bu barədə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, müəllimlərin sertifikasiya prosesində iştirak etməsi və minimal tələbləri yerinə yetirməsi onların əmək fəaliyyətini davam etdirməsi üçün əsas şərtlərdəndir. Onun sözlərinə görə, bu proses Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həyata keçirilir və təhsil verənlərə iki cəhd imkanı verilir:
“Əgər müəllim hər iki cəhddə də minimal bal - 30 və ya 31 bal toplaya bilmirsə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Nəticədə həmin şəxs tədris prosesindən kənarda qalır”.
Ekspert qeyd edir ki, hazırda bu problem daha çox mərkəzi rayonlarda və bəzi bölgələrdə müşahidə olunur:
“Şəki-Zaqatala, Dağlıq Şirvan, Gəncə-Qazax zonalarında belə hallar qeydə alınıb. Paytaxtda isə əsasən ilk dəfə imtahan verən müəllimlər var ki, onlar birinci cəhddə tələbi ödəmədikdə, növbəti il üçün əlavə şans əldə edirlər. Əgər ikinci dəfə də uğur qazanmasalar, əmək fəaliyyətlərinə xitam verilir”.
Elçin Əfəndi əlavə edib ki, bu halın qarşısını almaq üçün müəllimlər daim üzərilərində işləməli, həm fənn biliklərini, həm də tədris metodikasını inkişaf etdirməlidirlər:
“Əgər müəllim özünü inkişaf etdirmirsə, nəticə etibarilə imtahanda tələb olunan balı toplamaq mümkün olmur. Bu isə onların sistemdən kənarda qalmasına səbəb olur. Yeganə çıxış yolu peşəkar inkişaf və davamlı öyrənməkdir”.
Tehsil-press.az