Səbail Rayon Məhkəməsində Ağdam sakini 1977-ci il təvəllüdlü Xəyyam Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.Evvəllər məhkum olunmuş 48 yaşlı şəxs bu dəfə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə mühakimə edilib.
Bildirilib ki, o, Malik adlı tanışına böyrəyini 20 min manata satacağını vəd edərək, 17 min manatdan artıq pul alıb. Lakin Xəyyam son anda fikrini dəyişdirərək böyrəyini verməyib.
Malik Məmmədov ifadəsində bildirib ki, Xəyyamın böyrəyini dializ xəstəsi olan arvadına köçürtdürmək istəyib: “2024-cü ilin fevralında fəhlə kimi işlədiyi Səbail rayonu 20-ci sahə ərazisində yerləşən qardaşımın obyektində olarkən söhbət əsnasında Xəyyama həyat yoldaşımın dializ xəstəsi olduğunu bildirmişdim. Bundan sonra Xəyyam, guya, mənə kömək etmək üçün öz böyrəyinin birini həyat yoldaşıma əməliyyat yolu ilə təmənnasız verəcəyini və buna hazır olduğunu dedi. Bundan sonra Xəyyam və bacısı Kəmalə ilə birgə ailəvi görüşümüz oldu. Xəyyam hamının yanında bir daha böyrəyini verməyə hazır olduğunu təsdiq etdi.
Daha sonra həkimlərin məsləhəti ilə Xəyyamın müayinə edilərək ona məxsus böyrəyin həyat yoldaşıma əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirildi, uyğun gəldiyindən razılaşdıq. Xəyyam müxtəlif vaxtlarda məndən fərqli səbəblərdən pul istəyirdi. Ona ümumilikdə 17 109 manat məbləğində pul vermişəm. Lakin sonradan məlum oldu ki, Xəyyam müayinədən keçdikdən sonra Səhiyyə Nazirliyində izahat verərək böyrəyinin xanımıma əməliyyat yolu ilə köçürülməməsi üçün imtina kağızı yazıb. Bundan sonra ailə üzvlərimlə birgə Xəyyama və bacısı Kəmaləyə irad bildirərək verdiyimiz pulları tələb etdik. Lakin onlar pulları verməkdən imtina etdilər”.
Tehsil-press.az









