BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin yüksək materiallar və texnologiyalar üzrə potensialı ilə tanış olub

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin yüksək materiallar və texnologiyalar üzrə potensialı ilə tanış olub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Anhui əyalətinə işgüzar səfəri çərçivəsində Anhui Universitetində fəaliyyət göstərən sənaye-təhsil-tədqiqat institutunu (“Industry-Education-Research Institute of Advanced Materials and Technology for Integrated Circuits”) və Materiallar Elmi və Mühəndisliyi Məktəbini (“School of Materials Science and Engineering”) ziyarət edib. “School of Materials Science and Engineering” materialşünaslıq və mühəndislik sahəsində bakalavr, magistr və doktorantura pillələrində ixtisaslı kadrlar hazırlayır. Məktəbin tərkibində Metal materialı mühəndisliyi, Qeyri-üzvi metal materiallar, Material fizikası və kimyası, Materialların emalı və digər bölmələr fəaliyyət göstərir.

Məktəb təhsilalanlara materialların kimyası, quruluşu, emalı, səth texnologiyaları, metal və qeyri-metal materiallar üzrə ixtisaslaşma imkanı verir. Məktəbin elmi-tədqiqat infrastrukturu yüksək səviyyədədir: araşdırma, sınaq və təcrübə laboratoriyaları, metallurgiya və səth texnologiyaları üzrə əsas laboratoriyalar fəaliyyət göstərir, ölkə və regional səviyyəli tədqiqat platformaları reallaşdırılır. Məktəb həm ənənəvi material sənayesi, həm də yeni materiallar sənayesi sahələrində fəaliyyət göstərir. Universitet-sənaye əlaqələri və tədqiqat imkanları məzunlara metallurgiya, maşınqayırma, avtomobil, energetika, elektronika və yeni materiallar istehsalı sahələrində uğurla fəaliyyət göstərməyə imkan yaradır.

“Industry-Education-Research Institute of Advanced Materials and Technology for Integrated Circuits” institutu material elmləri və inteqrasiyalı sxemlər üçün materialların hazırlanması və araşdırılması istiqamətində fəaliyyət göstərir. İnstitut yüksək texnoloji imkanlar təqdim edir və burada mikro-nano emal, material nümunələrinin hazırlanması, yüksək dəqiqlikli testlər, elektron materialların səth və struktura nəzarət texnologiyaları, funksional materiallar üzrə tədqiqatlar aparılır. Bu imkanlar institutun yüksək səviyyəli elmi-tədqiqat bazası rolunu gücləndirir və onu həm fundamental tədqiqat, həm də sənaye tətbiqləri üçün ciddi platformaya çevirir. Hazırda institut beynəlxalq səviyyədə tanınan elmi nəticələr əldə edir, elmi məqalələr, patentlər və sənaye-tədqiqat layihələri həyata keçirir.

Səfər zamanı nümayəndə heyəti birgə bakalavr, magistr və doktorantura proqramlarının yaradılması, müəllim və tədqiqatçı mübadiləsi, birgə elmi-tədqiqat layihələri, sənaye-universitet əməkdaşlığı, praktik təcrübə bazalarının təşkili və ortaq akademik forumların keçirilməsi imkanlarını müzakirə edib. Yeni materiallar, yarımkeçirici materiallar, elektron komponentlər və təmiz enerji materialları sahələrində əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

Tehsil-press.az

Oxşar xəbərlər