Ancaq valideynlər isə əks fikir bildirirlər ki, 10-20 il əvvələ baxdıqda, hazırda uşaqların dərslikləri çox ağırdır.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Murad bildirdi ki, Emin Əmrullayev burada tamamilə yanlış düşünür:
"Çünki köhnə dövrləri xatırlasaq, görərik ki, bizim vaxtımızda cəmi üç fənn kitabı olurdu: biri ana dili, biri oxu, biri də riyaziyyat. Həmin kitabların içindəki səhifələr və vərəqlər fərqli kağız materiallarından hazırlanırdı. İndiki kitabların kağızları isə bizim bu gün bildiyimiz adi A4 kağızlarından, hətta ondan da ucuz kağız materiallarından hazırlanır. Bu kağız materialları ümumilikdə ağırdır. Həmin kağızlar əsasən kağız artıqlarından hazırlanmış, istehsal olunmuş kağızlardır. Bu gün bütün kitablara diqqət yetirin: kitabların hər biri A4 ölçüsündə və ağırlığındadır. Amma köhnə kitabları arxivdən götürüb baxsanız, görərsiniz ki, kağızlar daha çox sarımtıl formada idi və ya sarımtıl olmasa belə, yüngül çəkiyə malik idi".
Müsahibimiz dərs yükündən də bəhs etdi:
"Həm birinci sinifdə, həm də ikinci sinifdə oxuyan övladlarımın kitablarının ağırlığına və proqramdakı həddindən artıq yüklənməyə şahidəm. Bu gün məktəblərdə birinci və ikinci siniflərə həddindən artıq lazımsız, mənasız fənlər yüklənib. Mən bunu dəfələrlə müşahidə etmişəm: birinci sinifdə şagirdlərə ingilis dilini sadəcə papuqay kimi əzbərlədirlər. Buna ehtiyac yoxdur. İkinci sinifdə isə bu il şagirdlərə “Şahmat” adlı bir fənn əlavə edilib. Buna da ehtiyac yoxdur. Çünki şahmat dərs deyil, təhsil səviyyəsinə uyğun bir fənn deyil, daha çox idman və ya intellektual fəaliyyət sahəsinə aiddir. Şahmatın təhsillə birbaşa əlaqəsi yoxdur, bu, şagirdin hobbi kimi öyrənə biləcəyi bir məşğuliyyətdir. Hansı şagird istəyirsə, dərsdən sonra şahmatla məşğul ola, kurslara gedib öyrənə bilər. Onu məktəbdə ayrıca bir fənn kimi tədris edib uşağın yükünü artırmaq tamamilə mənasız və lazımsızdır.
Bundan əlavə başqa fənlər də var ki, məsələn, “Həyat bilgisi” fənni də lazımsızdır. İngilis dili ilə bağlı yenə qeyd edirəm, dərslikləri açıb baxın, birinci və ikinci siniflərdə uşaqlara artıq cümlələr öyrədilir. Bu mənasızdır. “Azərbaycan dili” fənninə baxıram: ikinci sinif şagirdinin kitabında 6-7-8-ci sinif proqramına uyğun mövzuların yer almasına nə ehtiyac var? Bütün bunlar kitabların səhifələrinin artmasına gətirib çıxarır. Lazımsız, mənasız iş dəftərləri mövcuddur. O qədər kitab, vəsait aldırılır ki, nəticədə şagirdin çantası şagirdin özündən ağır olur".
Elçin Murad Emin Əmrullayevin "valideynlər uşağın çantasını ağırlaşdırır" sözlərinə də cavab verdi:
"Valideynlərin çantaya qoyduğu maksimum şey bir su və uşağın acanda yeyə biləcəyi bir dürmək və ya kiçik şirniyyatdır. Əgər Emin Əmrullayev bunu nəzərdə tutursa, bu, tamamilə yanlış yanaşmadır. Ona görə də mən belə düşünürəm ki, bu məsələyə ciddi şəkildə yenidən baxmaq və düzgün formada əl gəzdirmək lazımdır".
Tehsil-press.az













