2025-ci ilin ən aktiv xüsusi nümayəndəliklərinin adı açıqlandı - SORĞU

2025-ci ilin ən aktiv xüsusi nümayəndəliklərinin adı açıqlandı - SORĞU Azərbaycanın post-münaqişə dövründə tətbiq etdiyi yeni idarəetmə mexanizmlərindən biri olan xüsusi nümayəndəlik və səlahiyyətli nümayəndəlik institutlarının fəaliyyəti 2025-ci ildə də ictimai və siyasi müzakirələrin mərkəzində olub. Azad edilmiş ərazilərdə quruculuq, bərpa, sosial-iqtisadi inkişaf və dövlət siyasətinin icrası baxımından bu strukturların effektivliyi tez-tez müqayisə edilir.

Modern.az məhz bu kontekstdə 2025-ci ildə xüsusi nümayəndəliklərin və səlahiyyətli nümayəndəliyin fəaliyyəti, hansının daha çox fərqləndiyi və daha səmərəli nəticələr ortaya qoyduğu ilə bağlı sorğu keçirib. Sorğuda deputatlar və iqtisadçılar iştirak ediblər.

Ceyhun Məmmədov, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı

“Biz nəzərə almalıyıq ki, bu struktur yenidir. Tam formalaşması da zaman tələb edir. Qısa müddətdə tam oturuşacaq sistem deyil, çünki ümumi idarəetmə modeli tam şəkildə qurulmalıdır. Hazırda isə bu struktur öz səmərəli fəaliyyətini göstərir və Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində real addımlar atılır. Bunları yüksək qiymətləndirirəm.

Bölgəmizdə xüsusi nümayəndəliklə sıx əməkdaşlıq edirik, koordinasiya var. Görüşlər, müzakirələr, problemlərin aydınlaşdırılması çərçivəsində işlər birgə şəkildə həyata keçirilir. Ümumilikdə strukturun fəaliyyəti normaldır və gələcəkdə daha təkmil formada işləyəcəyini düşünürəm.

Mən nümayəndəlikləri bir-birindən ayırmaq istəmirəm. Bütün ərazilərdə quruculuq və bərpa işləri aparılır və nümayəndəliklər bu vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Öz bölgəm barədə deyə bilərəm ki, qarşıya qoyulan işlər yüksək səviyyədə qurulub və proses davam edir.”

Rövşən Muradov, Milli Məclisin 121 saylı Laçın seçki dairəsindən olan deputatı

Elçin Usubovun (Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndə) və Aydın Kərimovun (Şuşa şəhərinə xüsusi nümayəndə) işinə ayrıca qiymət vermək istəmirəm, lakin aldığım məlumata görə, hamısı yüksək səviyyədə işləyirlər. O zonada görülən işlər ümumilikdə yüksək qiymətə layiqdir.

Laçınla bağlı səmimi deyə bilərəm ki, Məsim Məmmədovun (Laçın rayonunda xüsusi nümayəndə) fəaliyyətinə ən yüksək balı verərdim. O, öz işinin peşəkarıdır və Laçın kimi sərhəd bölgəsində ölkə başçısının tapşırıqlarını tam məsuliyyətlə yerinə yetirir. Əhalinin razılığı, bərpa və sahibkarlıq istiqamətində atılan addımlar bunu göstərir.

Bu gün Laçın icra başçısı faktiki olaraq Ağcabədidə fəaliyyət göstərir, çünki əhali 50-dən çox rayonda pərakəndə şəkildə məskunlaşıb. Xüsusi nümayəndə isə bilavasitə Laçında məskunlaşıb və bütün bərpa-quruculuq işlərinə yerində rəhbərlik edir.

Fazil Mustafa, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

“Qısa müddətdə fəaliyyətə yekun qiymət vermək düzgün olmazdı. Struktur yenidir və proseslərin bir qədər irəliləməsini gözləmək lazımdır. Amma vəziyyət normaldır.

Naxçıvanda sabit ab-hava var. Müvafiq qurumlar öz fəaliyyətlərini yüksək səviyyədə həyata keçirirlər. Yeni təyin olunan nümayəndə bölgəni yaxşı tanıyır və Naxçıvanın problemlərini bilir. Ona görə də heç bir problem gözləmirəm. Baş nazir işləyən bir şəxsin bu işin öhdəsindən daha məsuliyyətlə gələcəyinə inanıram.

Naxçıvanda ciddi islahatlar həyata keçirilir və yaxın gələcəkdə açıqlamalar veriləndə hər kəs burada baş verən müsbət dəyişiklikləri daha aydın görəcək.”

Natiq Cəfərli, iqtisadçı ekspert, REAL Partiyasının sədri

“Əslində, Prezidentin xüsusi nümayəndəlik institutu bu illər ərzində icra hakimiyyəti strukturları ilə müqayisədə özünü daha çox doğrultdu. Qarabağ və Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəliklərin fəaliyyəti bunun ən bariz nümunəsidir.

Bu il Laçın və Xankəndinə səfərlərim oldu və gözlərimlə böyük bərpa işlərini gördüm. Laçının bərpası Azərbaycanda örnək model ola bilər. Xankəndinin yenidən qurulması da belədir.

Bu, bir daha göstərir ki, icra hakimiyyəti institutu artıq öz missiyasını başa vurub və onu əvəz etmək lazımdır. Ölkənin bütün ərazilərində Prezidentin xüsusi nümayəndəlik institutunun tətbiqi zamanın tələbidir. 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi və burada gücləndirilmiş xüsusi nümayəndəliklərin fəaliyyət göstərməsi daha səmərəli idarəetmə modeli yaradacaq.”

Tehsil-press.az

Oxşar xəbərlər