Ermənistan–Azərbaycan münasibətlərində son mərhələ - bu il Qarabağ sülhü realdırmı?

Ermənistan–Azərbaycan münasibətlərində son mərhələ - bu il Qarabağ sülhü realdırmı? Son 5 ildə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar Ermənistan–Azərbaycan münasibətlərini köklü şəkildə dəyişib. Ötən il bunun bariz sübutu oldu.

Avqustun 8-də Ağ Evdə Birləşmiş Ştatların rəhbəri Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında sülh öncəsi yekun paraflanma sənədi imzalandı. Artıq bundan sonra hər kəs sülh sazişinin qısa müddətdə bağlanacağından ağız dolusu danışmağa başlayıb.

Bəs 2026-ci il tarixə Qarabağ sülhünün əldə olunması ili kimi düşəcəkmi?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a dedi ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar Ermənistan-Azərbaycan münasibətlərində köklü dəyişiklilər yaratdı: " Dondurulmuş münaqişə hərbi fazadan çıxaraq siyasi-diplomatik mərhələyə keçdi. 2025-ci il isə bu prosesdə dönüş nöqtəsi hesab oluna bilər. Çünki Vaşinqtonda sülh müqaviləsinin paraflanması ilə münaqişənin siyasi səviyyədə də yekunlaşdığını qeyd edə bilərik. Belə ki, iki ölkə arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, iddialardan imtina, kommunikasiyaların açılması və təhlükəsizliyin təmin edilməsi kimi məsələlərdə razılıq əldə olundu.

2025-ci ildə ilk dəfə yük qatarları Azərbaycan üzərindən Ermənistana keçdi. Hava məkanından qarşılıqlı istifadə reallaşdı. Zəngəzur dəhlizi kimi regional layihə ciddi dəstək qazandı. ABŞ-nin dəstəyi və yüksək rütbəli səlahiyyətli şəxslərin regiona səfərləri prosesi gücləndirdi. Tramp administrasiyasının sülh siyasəti də regional sabitliyin əldə olunmasında müsbət rol oynadı.

Dəfələrlə açıqlandığı kimi rəsmi Bakı sülhü yeganə yol kimi görür və prosesin inkişafında uzunmüddətli sabitlik üçün baza qurur. Prezident Əliyevin ölkə televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, Azərbaycan müstəqillikdən bəri sülh şəraitində yaşamağı öyrənir və 2025-ci ildə bu reallıq təşəkkül tapdı. Çox güman ki, 2026-cı ildə rəsmi Bakı üçün münasibətlərdə hüquqi çərçivə, tənzimləmə mexanizmləri və institusional qurumların dəstəklənməsi prioritet təşkil edəcək.

Ermənistan isə ziddiyyətli mövqe nümayiş etdirir. Rəsmi İrəvan sülhə hazır olduğunu bəyan etsə də, daxili təzyiqlər prosesi ləngidir. Revanşist qüvvələr reallığı qəbul etmək istəmirlər və bunu Ermənistanın məğlubiyyəti kimi qələmə verməyə çalışırlar.

Prosesdə qeyri-müəyyənliklər mövcuddur. Sülh sazişi tam imzalanmayıb, regional qüvvələr olan Rusiya və İranın təsiri müəyyən riskləri hələ də saxlayır. Lakin 2025-ci ilin siyasi yekunlarının və praktik addımlarının nəticələri sülhün real olduğunu göstərir. 2026-cı ildə proses davam edərsə, Cənubi Qafqazda sabitlik əldə oluna bilər. Azərbaycanın liderliyi və beynəlxalq dəstək bu yolda həlledici əhəmiyyətə malikdir. Sülh artıq gerçək kimi görünür, sadəcə onun tam tətbiqinə ehtiyac var".

Tehsil-press.az

Oxşar xəbərlər