Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarının beş əməkdaşına müsahibə verib.Dövlət başçısından müsahibə alan telejurnalistlərdən biri CBC telekanalının əməkdaşı Elmira Musazadədir.
Elmira Musazadə bununla artıq ikinci dəfədir ki, dövlət başçısı ilə müsahibədə iştirak edir. O, 2022-ci yanvarın 12-də də Prezidentdən müsahibə götürən beş yerli jurnalist arasında olub.
Elmira Musazadə uzun illərdir jurnalistika sahəsində fəaliyyət göstərir. O, daha çox siyasi, hərbi və sosial-ictimai mövzulara həsr olunmuş reportajları, eləcə də ölkənin hüdudlarından kənarda baş verən vacib hadisələrlə bağlı materialları ilə tanınır.
CBC TV-nin E.Musazadə haqqında verdiyi xasiyyətnamədə deyilir:
“Elmira Musazadə peşəkar fəaliyyəti dəqiq, obyektiv və balanslı informasiya təqdim etməyə yönəlib. O, media məkanında xüsusi çəkisi olan, etibarlı mənbələrə əsaslanan xəbərçilik prinsiplərinə sadiq qalan jurnalistlərdən hesab edilir”.
Elmira İlqar qızı Musazadə 2014-cü ildən etibarən CBC telekanalında müxbir qismində işə başlayıb. 22 yaşında olarkən telekanalın hərbi vətənpərvəlik mövzusuna həsr olunmuş "Sluju Rodine" verilişinin ssenari müəllifi və aparıcısı olub. 2016-cı ilin Aprel döyüşlərində hərbi müxbir kimi döyüş bölgələrində çəkilişlər aparıb. 44 günlük Vətən müharibəsi ərzində cəbhə bölgəsinə ezam olunan, baş verənləri davamlı şəkildə işıqlandıran və materialları beynəlxalq mediaya yayılan jurnalistlərdən biridir. Həmin dövrdə Elmira Musazadə artıq telekanalın "Xarici dilli xəbərlər" redaksiyasında buraxılış redaktoru vəzifəsində çalışırdı.
2021-ci ilin iyul ayından isə o, telekanalın "Müəllif verilişləri" bölməsinin baş redaktoru vəzifəsinə təyin olunub.
“Lider sadəcə bir vəzifə deyil. Bu, məsuliyyətdir. Müharibə, sülh, gələcək üçün. Və bu mənada Azərbaycan həqiqətən şanslıdır”, - deyə Elmira Musazadə Prezident İlham Əliyevlə müsahibədən sonra dövlət başçısı haqqında təəssüratlarını bölüşərkən bildirib.
“Ölkə başçısı ilə müsahibə hər bir jurnalistin karyerasında ən vacib mərhələlərdən biridir”, - E.Musazadə əlavə edib.
Onun sözlərinə görə, dövlət başçısı ilə müsahibənin əvvəlində jurnalistlərin həyəcan hissi olub, lakin sonrakı dəqiqələrdə Prezidentlə ünsiyyət zamanı yaranan səmimiyyyət bunu aradan qaldırıb:
“Müsahibə üç satdan artıq davam etdi və o qədər vacib mesajlar verildi ki, bunların bəziləri keçən ilin yekunlarına, digərləri bu il üçün müxtəlif istiqamətlərə aiddir”.
E.Musazadə deyib ki, Prezident İlham Əliyevin müsahibələri, sosial mediadakı paylaşımları həmişə, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə maraqla qarşılanıb və həm ölkədaxili auditoriyada, həm də ölkə xaricində ən etibarlı mənbə kimi qəbul olunub.
Telejurnalist dövlət başçısı ilə budəfəki müsahibənin də CBC tamaşaçılarında böyük maraq doğurduğunu vurğulayıb:
“CBC rus dilində yayınlanan telekanaldır və biz görürük ki, cənab Prezidentlə bağlı xəbərlər, müsahibələr həmişə böyük maraqla qarşılanıb”.
Tehsil-press.az











