Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın İranda baş verənlərlə bağlı yazısı mübahisələrə səbəb oldu. Millət vəkili fərqli məsələləri əhatə edən geniş müsahibəmizdə əvvəlcə İran, Cənubi Azərbaycanla arqumentlərinə verilən sərt reaksiyalarla bağlı suallarımızı cavablandırdı.
- Fazil bəy, İranda baş verənlərlə bağlı fikirləriniz birmənalı qarşılanmadı. Xüsusilə də Güney Azərbaycan məsələsini “Stalinin bizə sırıdığı mifologiya” adlandırmağınız... Özü də bunu sovetlərin dağılması, Azərbaycanın müstəqillik hərəkatında iştirak etmiş şəxs deyirsə, təbii olaraq təəccüb doğurur. Üstəlik, İrandan verilən təlimat əsasında həyatına sui-qəsd edilən Fazil Mustafa niyə tarixi ədalətin bərqərar olunmasını istəməsin ki?
- Əlbəttə, tarixlə bağlı doğru mühakiməsi olan kimsə tapılmaz ki, bu tezislərə etiraz etsin. Mən fikirlərimi məsələləri ağılla anlamaq istəyənlər üçün açıq şəkildə bəyan edirəm. Bizim son iki yüz illik tariximizin təqdim olunan nağıl versiyasına özünü inandırmış şəxslər isə daha bir neçə il bu nağılın şirinliyindən həzz ala bilərlər. Ciddi mənbələrlə tanış olsalar, görərlər ki, ilk dəfə 1940-cı ildə Moskva “Güney Azərbaycan” məsələsini öz hərbi-siyasi gündəminə aldı. Əsas səbəb isə 1940-cı ildə Almaniya ilə müttəfiq olan İranın Millət Məclisi “İran Dövlətinin yeni sərhədləri” xəritəsini gizli şəkildə nəşr eməsi və bu sənədin SSRİ Xarici işlər nazirliyinin əlinə keçməsi ilə əlaqəli idi. Bu sənəddə Türkiyə sərhədləri istisna olmaqla Qafqaz və Orta Asiya əraziləri İrana bağlı olaraq göstərilməklə yanaşı, Azərbaycan SSR “Qafqaz Azərbaycanı”, Bakı isə farsca adı ilə “Badi-Kube” olaraq vurğulanmışdı. Əvəzində 1941-ci ilin yanvar ayında “Güney Azərbaycanın iqtisadi və texnoloji altyapısı” adlı 216 səhifəlik hesabat Moskvada hazırlandı. 1938-ci ilə qədər isə SSRİ İran Azərbaycanına iranlıların geri qaytarılması prosesində iranlı adı altında 50 minə yaxın çekisti ora göndərmişdir. Öncə 1941-ci ilin avqustunda İranın şimalını işğal edən SSRİ bu çekist bazadan səmərəli şəkildə istifadə etmişdi. 1945-ci ilin dekabr ayında başlayan Cənubi Azərbaycan hərəkatının isə bütün strategiyası və taktiki addımları Sov.İK(b)P rəhbərliyi tərəfindən hazırlanmış və təlimatlar formasında Bağırova və digər etibarlı Azərbaycan kommunistlərinə çatdırılmışdı. Onlar da öz güclərini həm Bakıdan gedən, həm də İranda olan azərbaycanlı kommunistlərlə birləşdirərək qırmızı ordunun köməyi ilə İngiltərənin təsiri altında olan zəifləmiş İran hakimiyyəti ilə qarşıdurmaya gedərək Azərbaycan muxtariyyətini formalaşdırıblar. Və bir ilin tamamında, yəni 1946-cı ilin dekabr ayında sovet ordusunun beynəlxalq şərtlərin diqtəsi üzrə geri çəkilməsi ilə bu muxtariyyət süqut edib. Ancaq azərbaycanlıların tarixində bu milli şüurun dirçəldiyi, ana dilinin, təhsilin, mədəniyyətin əsas atributlarının önə çəkildiyi uğurlu bir tarix olub. Eyni zamanda bu, bizim üçün həm də faciəli tarixdir. Çünki minlərlə Azərbaycan övladı İran hakimiyyətinin törətdiyi qətliamın qurbanına çevrilib, minlərlə insan da öz yaşayış yerini məcburi tərk edərək Azərbaycan SSR ərazisində yaşamağa məhkum olub. Ardınca Stalinin tərtib etdiyi bu model 1977-ci ilin sonlarında yenə də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi tərəfindən beynəlxalq rəqabətdə İran ərazisindən Cənubi Azərbaycan adı altında pay qoparmaq, yaxud da İrana müdaxilə etmək məqsədi ilə canlandırılmış və bu işin icrası da o zamankı Azərbaycan SSR rəhbərliyinə tapşırılmışdır. Xomeyninin hakimiyyətə gəlişindən sonra SSRİ ilə gizli razılaşma nəticəsində bu plan da 1945-ci ildən fərqli olaraq ümumiyyətlə, icra olunmayıb. Sonradan bu ideya Azərbaycanda başlayan siyasi hərəkatların demək olar ki, əksəriyyətinin proqramında ana tezislərdən biri olub və AXC sədri Əbülfəz Elçibəyin yürütdüyü siyasətin ana xəttini təşkil edib.
Bizlər də siyasi hərəkata başlanğıc olaraq Vahid və ya Bütöv Azərbaycan ideyasına valeh olaraq qoşulmuşuq. Bu da arzu və istəklərdən o tərəfə ciddi bir siyasi proqrama çevrilməmiş və ədəbiyyat mövzusu kimi günümüzədək gündəmimizdə öləziyən formada qalmağa davam edib. Artıq neçə illərdir Araz çayının həsrət obrazına şeir yazan şair də tapmaq çətinləşib. Hətta 1989-cu ildə bəzi sərhədyanı bölgələrdə AXC-nin təşəbbüsü ilə sərhədlərin dağıdılması da hansısa mənəvi birliyin təntənəsini ortaya qoymayıb. Səbəb sadədir: Quzey Azərbaycan öz müstəqillik şansını qazanmasını 1828-ci ildə tarixi olmasa da rəmzi adı İran olan dinçi-molla bataqlığından qoparaq modernləşmə prosesinin nəticəsi olaraq gördüyündən İranın geriçi-dinçi mühitini hər zaman təhlükəli görüb və bu ideyaya ehtiyatla yanaşıb. İranın hüdudlarında qalan Azərbaycanda isə çoxluğu təşkil edən türklərin aparıcı hissəsi İrana sahiblənmək duyğusunu daşıyıb və özlərinin əski torpaqları hesab etdikləri Azərbaycanı İran məkanına birləşdirməyi düşünüblər. Bunu Seyid Həsən Tağızadənin, Seyid Cəfər Pişəvərinin, Xiyabanının 1918-1920-ci illərdə dərc olunan görüşlərindən də asanlıqla anlaya bilərsiniz. Məhəmməd Əmin Rəsulzadə isə “İran-e-Nou” qəzetindəki fəaliyyətindən sonra o mühiti ən yüksək səviyyədə analiz edərək Azərbaycan adını irançılıqdan xilas etmək üçün yeni cümhuriyyətə vermiş və müstəqil cümhuriyyətimizin gələcəyini də məhz bu bataqlıqdan qurtuluşda görüb. İndi söyləyin, görüm, bu, bilgisiz insanlar tarixi gerçəkləri söyləməyimizə niyə bu cür aqressiv yanaşırlar? Axı, mən hər zaman söylədiyim, yazdığım hər fikri müstəqil, dünyəvi Azərbaycan dövlətinin maraqlarını əsaslı şəkildə düşünərək ortaya qoyuram.
- Necə bilirsiniz, ABŞ, İsrail doğrudan da İran xalqının azad olunmasını istəyirmi? Netanyahunun “fars xalqını dəstəkləyirik” açıqlaması və 40 milyondan artıq türkü görməzdən gəlməsi sizə bir söz demirmi?
- Mental olaraq bir-birindən uzaq dövlətlər ümumilikdə niyə başqa xalqların azadlığını istəməlidirlər? Biz qonşu olduğuna görə istəyə bilərik ki, İranda dünyəvi dövlət qurulsun və həmin dövlət bizim üçün ideoloji təhlükə yaratmasın. Soydaşlarımız öz dili, məktəbi, mədəniyyətləri ilə farslarla, kürdlərlə, ərəblərlə, türkmənlərlə, bəluclarla birgə müasir dünyanın şəxsiyyətli insanlarına çevrilə bilsinlər. ABŞ, İzrail kimi dövlətlərin istədiyi bir hədəf var: burada onlar üçün təhlükə yaratmayan, onlara qarşı “Mərg bər!” deyib bağırmayan, terrorla hədələməyən və müasir dəyərlərə inteqrasiya olunan bir rejim qurulsun. Və onlar da həmin dövlətlə normal münasibət qursun, onun var - dövlətindən lazımi pay ala bilsin. Mən dəqiq bilmirəm, Netenyahunun söylədiyi termin məhz fars xalqıdır, yoxsa İran xalqı? Prinsipcə, İranda yaşayan kürdləri dəstəkləyən və onları silahla təmin edən bu ölkələrdirsə, necə ola bilər ki, fars xalqını istisna olaraq vurğulasınlar. Yəqin ki, bütövlükdə İran xalqını “fars” adı ilə tələffüz edb. Bir şeyi unutmayaq ki, səni görməzdən gəlirlərsə, demək ki, yaxşı görünmürsən. Azərbaycanlıların dil, məktəb, mədəni haqlar istiqamətində səylərini gücləndirməsi çox önəmlidir, bizlərin də bu çalışmaları dəstəkləməmiz vacibdir ki, görünə bilsinlər.
- Bəs Məsud Pezeşkian personası barədə fikriniz necədir? İndiki situasiyada onun tutduğu mövqeyi necə qəbul edirsiniz? Azərbaycanın cənubunda yaşayan soydaşlarımızın etirazlara həvəssiz qatılmaları “ilan vuran ala çatıdan qorxar”, məntiqinin nəticəsidir, yoxsa Pezeşkiana səs verən elektoratın soyuqqanlı davranışı?
- Dini rəhbər Xamneyi illər boyu islam inqilabının dayağı kimi azərbaycanlı faktoruna söykənib. Bu balansı qorumaq üçün Pezeşkian kimi fiqurun önə çıxarılması məntiqlidir: təhsilli, həkim, islahatçı, etnik çoxluqdan olan və sistemlə açıq toqquşmaya girməyən bir siyasətçi obrazıdır.
Xatırlayırsınızsa, Pezeşkian seçildikdən sonra ardıcıl mesajlar verdi: “Rəhbərlə birlikdəyəm”. Ardınca simvolik, amma diqqətçəkən addımlar gəldi – sünnilərin vəzifələrə gətirilməsi, qadın nazir, hicab mövzusunda yumşalma. Bunlar təsadüfi deyil. Bunlar sistemin kontrollu islahat cəhdidir. Məqsəd dəyişmək yox, dağılmadan davam etməkdir. Pezeşkian hansısa dəyişim və ya müstəqillik davasının lideri kimi zirvəyə qaldırılmayıb, sadəcə “İran bizimdir!” idealına bağlı əksər türklərin qarışıqlıqlar zamanı deaktivizə edilməsi üçün daha məqbul bir seçim olub. “Heydərbaba”dan şeir deyilən kimi duyğusallaşan azərbaycanlılar yuxarıdakı görüşlərə diqqət yetirsələr, pis olmazdı.
- İranda baş verən qanlı hadisələrdən sonra nə baş verəcək? Azərbaycan türkləri heç olmasa ana dilində təhsil hüququnu əldə edə biləcəklərmi?
- Hadisələrin zahiri səbəbi dolların bahalaşmasıdır. Amma bu, səbəbdən çox alətdir. İranda valyuta həmişə siyasi mexanizm olub. Bugünkü proseslər də istisna deyil. Dolların bahalaşması etirazları doğurmadı; əksinə, etirazlar üçün dollar bahalaşdırıldı.
Bu ssenari tanışdır. Benzin qiymətlərinin qaldırıldığı dövrdə də eyni model işə salınmışdı. O zaman da küçədə görünən bahalığa etiraz idi. Amma prosesin mərkəzi Məşhəd idi və əsas fiqur Ələmülhuda sayılırdı. Həmin iğtişaşlardan sonra onun kürəkəni İbrahim Rəisi prezident oldu. Ta ki müəmmalı helikopter qəzasına qədər.
Rəisi ilə birlikdə bir sıra yüksək vəzifəli şəxslər həyatlarını itirdilər. O cümlədən azərbaycanlıların hörmət etdiyi din xadimi Al-Haşim. Dövlət bu itkiləri milli yasla, abidələrlə, simvolik əbədiləşdirmə ilə ört-basdır etməyə çalışdı. Amma siyasi oxu aydın idi: sistemin daxilində potensial varislər bir-bir sıradan çıxırdı. Bir az daha geriyə baxsaq, Rəfsəncaninin ölümünü görərik. İslahatçı ruhani, sistem daxilində balans fiquru olan Rəfsəncaninin qəfil ölümü də cəmiyyətə suallar vermişdi. Lakin o suallar açıq müzakirəyə çıxarılmadı. Təmtəraqlı dəfn, adların əbədiləşdirilməsi, rəsmi hörmət – amma cavabsız qalan suallar…
Bu ardıcıllıq təsadüf deyil. Ölənlərin əksəriyyəti ali dini rəhbərlik üçün real namizədlər idi. İranın problemi də məhz buradadır: burada seçkini prezident yox, sistemi idarə edən rəhbərlik müəyyən edir. Hakimiyyət savaşı əslində küçədə yox, zirvədə gedir. İranda gedən proseslər klassik xalq üsyanı deyil. Bu, elitadaxili hakimiyyət savaşıdır. Küçə isə bu savaşda istifadə olunan alətdir.
- Cənub qonşumuzda gərginlik yaşandığı məqamda şimaldan da təhdidlər davam edir. Kremlin “danışan dili” obrazında görünən Solovyov yenə postsovet ölkələrini təhdid etdi, o cümlədən Cənubi Qafqazı. Ukraynadan sonra Rusiya təhlükəsi nə qədər realdır?
- Artıq Solovyovun Ukrayna fiaskosundan sonrakı təxribatçı çağırışları kimsə tərəfindən ciddi qəbul olunmur. Yalnız o deyil ki… Rusiya xüsusi xidmət orqanlarına bağlı bir neçə vəzifəli şəxs bu cür tapşırıqları yerinə yetirirlər. Ancaq Rusiyanin bunu gerçəkləşdirməsi üçün sahə xeyli daralıb. İmkanlar da şişirdildiyi kimi deyil. Ukraynada düşülən həm fiziki, həm də hərbi-siyasi bataqlıqdan çıxış yollarını müzakirə etməkdən yayınmaq üçün bu cür ictimai rəyi yayındırıcı yollara arasıra baş vururlar. Əlbəttə, bütün təhlükələrdən özümüzü qorumağa hər zaman hazırlıqlı olmalıyıq və bu cür hədələrə diplomatik vasitələrlə cavab verməkdən də çəkinməməliyik.
- Fazil bəy, bir müddət sonra yaz sessiyası başlayacaq. Hazırda deputatın qış tətili necə keçir? Basketbol, yeni kitab üzərində iş... Bəs sonra?
- Yeni kitab üzərində hələ işə başlamadım. Tətildə də Bakıdan kənara getməyi planlaşdırmadım. Əsasən mütailə ağırlıqlı rejim qurdum. Təbii ki, futbol, basketbol, bilyard rituallarını davam etdirdim. Artıq bir-iki günə rəsmi işimiz başlayacaq, komitənin hesabatını, yaz sessiyası üçün iş planını layihə olaraq yekunlaşdırdıq və bir həftə sonra iclasda müzakirəyə çıxaracağıq. Bir neçə günlüyə xaricdə beynəlxalq tədbirdə iştirakım nəzərdə tutulub, inşallah, səfərdən sonra iş rejiminə uyğun çalışmaları davam etdirəcəyəm. Ötən ay Qubada dini icmalarla çox maraqlı görüşüm oldu, ağırlıqlı olaraq regionlarda görüşlər gerçəkləşdirməyi düşünürəm. Seçiciləri qəbul proseduru isə məzuniyyətdə olduğum zaman da təxirə salınmadı.
- Bu günlərdə yenə də rayonlardan paytaxta axın mövzusu müzakirə olunmaqdadır. Bu axının qarşısını almaqdan ötrü kompeks tədbirlərə ehtiyac olduğunu yəqin siz də təsdiqləyirsiniz. Xüsusilə də iş yerlərinin məhdudluğu axını sürətləndirir. Sizcə, hansı addımlardan başlamaq lazımdır?
- Burada bir mühüm addım atılmalıdır: regionların, xüsusilə də kəndlərin sosial və mədəni yaşam üçün reallıqda münbit məkana çevrilməsi. Bunun üçün də ən sadə yol həmin bölgədən olan sahibkarları iş yerləri açmağa təşviq və kreditlə dəstəkləmək, yerlərdə işsiz vətəndaş saxlamamaqdan ibarətdir. İnanın ki, gəldiyi bölgədə bu minimum rahatlığı əldə edən insanımızın çoxu o boşalmış rayonlara, kəndlərə həvəslə qayıdacaqlar.
- İcra hakimiyyətlərinin ləğvi tez-tez gündəmə gəlir. İdarəetmə ilə bağlı hansı addımları gözləyir və təklif edirsiniz? Bu il konstitusiya dəyişiklikləri ilə bağlı referendum gözlənilirmi?
- Konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün ciddi hüquqi şərtlər mövcuddur. Bu, bilavasitə icra orqanları və prezidentin xüsusi nümayəndələri ilə bağlı ikili modelin yekunlaşması üçün vacibdir. Bələdiyyələrin statusunun artırılması və onların digər dəxli olmayaq qurumlara, o cümlədən Milli Məclisə hesabat verməsi kimi normaların ortadan qaldırılması yerli özünüidarəetməni canlandıra bilər. Başqa istəqamətlərdə də dəyişikliklər mümkündür. Bu barədə ölkə prezidenti cənab İlham Əliyev yerli media təmsilçilərinə verdiyi müsahibədə də fikirlərini söylədi. Bu dəyişikliklərin vaxtı barədə bir şey söyləyə bilmərəm, mən yalnız hüquqi forması barədə fikirlərimi qeyd edirəm.
Tehsil-press.az
















