Magistrlara və doktorantlara möhlət hüququ təsdiq edildi

Magistrlara və doktorantlara möhlət hüququ təsdiq edildi Milli Məclisin 14 iyunda keçirilən növbədənkənar sessiyasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Tehsil-press.az xəbər verir ki, qanunun 21.1-ci maddədə "filiallarında" sözündən sonra ", müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda" sözləri əlavə edilir. 21.1.4-cü maddədə "ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat)" sözləri "əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada" sözləri, 21.1.5-ci maddədə "pilləsində (bakalavriat)" sözləri "pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində" sözləri ilə əvəz edilib.
Müzakirələrdə çıxış edən millət vəkili Z. Oruc qeyd edib ki, son 7 ildə ölkədə çağırışçıların sayı 121 mindən 137 minə qalxıb: “Azərbaycanda çağırışçı problemi yoxdur. 4 günlük döyüşlər də göstərdi ki, Azərbaycan peşəkar döyüşçülər daha çox lazımdır. Bu hüquqdan həm daxildə oxuyan, həm də xaricdə oxuyan tələbələr yararlana biləcəklər”.
Birinci vitse-spiker Ziyafət Əsgərov möhlət hüququndan tələbələrin yalnız bir dəfə yararlana biləcəyini xatıladıb: “Yəni bakalavriat pilləsini bitirib magistr olanda, eləcə də magistr pilləsindən doktorantura mərhələsinə daxil olduqda bu hüquqdan yararlana bilərlər. Bu da təhsildə fasiləsizliyi təmin etməyə xidmət edir”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Tehsil-press.az

Oxşar xəbərlər