Burada ən çox diqqət çəkən bir məqam var. Qərb ölkələrinin vətəndaşlarının İrandakı taleyindən narahat olmaları başa düşüləndir, bəs Avropa ölkələri öz vətəndaşlarının İrana qonşu ölkələrdən çıxmalarını niyə istəyirlər?
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Azərbaycan öz vətəndaşlarını və ərazisində olan xarici ölkə vətəndaşlarını qorumağı bacarır:
“Heç kəs ölkəmiz üçün narahat olmasın. İranla ABŞ arasında münasibətlər 1979-cu ildən gərgindir. ABŞ vaxtaşırı olaraq öz vətəndaşlarını İrana getməməyə, İrandan uzaq durmağa çağırır. Cənub qonşumuzda son dövrlərdə gedən proseslərdə Birləşmiş Ştatlar yenidən öz vətəndaşlarına belə bir çağırış etdi. Hər halda istərdim ki, bu, sadəcə olaraq bir çağırış olsun. İki dövlət arasında beynəlxalq hüququn daha da dərin formada pozulması baş verməsin.
Unutmayaq ki, İran bizə çox yaxın qonşu ölkədir. Orada stabilliyin, əmin-amanlığın olmasında maraqlıyıq. Böyük dövlətlərin İranla bağlı narahatlıqlarını bildirmələri də başa düşüləndir. Çünki bu, sadəcə olaraq dövlət deyil, regionda böyük təsirə malikdir. Həmçinin neft daşınmasının böyük bir hissəsi bu ölkənin ərazisindən keçir. Buna görə də dünya İranda gedən proseslərdən narahatdır.
Ümid etmək istərdim ki, İranın daxili məsələləri tezliklə əmin-amanlıqla başa çatacaq və böyük dövlətlərlə münasibətləri daha da yaxşılaşacaq”.
Tehsil-press.az








