Məlum olduğu kimi, Azərbaycanda yanvarın 14-dən 26-dək magistraturaya sənəd qəbulu aparılacaq, I cəhd imtahanı isə fevralın 15-də olacaq.Maraqlıdır, bu il imtahan gözləntiləri necədir?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ötən illə müqayisədə magistraturaya sənəd verənlərin sayında artım olacağı gözlənilir.
Onun sözlərinə görə, ötən il müsabiqədə iştirak edən, lakin şərtləri ödəməyən bakalavrlar vardı ki, onlar bu il yenidən imtahan verəcəklər. Ekspert deyib ki, bu, ballara da təsir göstərəcək:
“DİM tərəfindən artıq 2 ildir ki, magistraturada esse yazılmasını xarici dil imtahan blokuna daxil edilib. Demək olar ki, bakalavrlar ötən illərə nisbətən buna daha hazırlıqlıdırlar. Bu səbəbdən, bu il 70-80 bala qədər yüksək nəticə göstərən bakalavrların sayı çoxluq təşkil edəcək. Bu da ötən il 70 bala qədər formalaşan ixtisaslara təsir göstərə bilər. Təbii ki, may ayında II cəhd imtahan da olacaq. Həmin imtahanda da birinci cəhddə zəif bal toplayanlar iştirak edərək nəticələrini bir qədər də yaxşılaşdırarlarsa, ixtisasların keçid ballarında dəyişiklik ola bilər”.
E.Əfəndi qeyd edib ki, ümumilikdə, hər il dövlət tərəfindən magistraturada dövlət sifarişli yerlərin sayı artır:
"Bununla paralel olaraq, ümumi plan yerlərində də artım olur. Bu il də ümumi plan yeri, həm də dövlət sifarişli yerlərin magistratura dərəcəsində artacağı gözlənilir. Bu da daha çox bakalavrın magistraturaya qəbuluna imkan yaradacaq".
Tehsil-press.az











