Magistraturaya qəbul imtahanlarında yüksək bal toplayanların sayı artıb - Daha çoxu qızlardı...

Magistraturaya qəbul imtahanlarında yüksək bal toplayanların sayı artıb - Daha çoxu qızlardı... Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.
Fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib.
Onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0.93%-i) imtahana gəlməyib:
"2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı demək olar ki, son üç ildəkindən təxminən 2 dəfə çox olub. Son illər magistraturaya qəbul imtahanlarının ödənişli olması imtahanda iştirak etmək üçün daha məqsədyönlü və hazırlıqlı bakalavrların qeydiyyatdan keçməsinə zəmin yaradıb".
Mərkəzdən qeyd edilib ki, 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49.73% və 53.61%-nin 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil edib.
Bakalavrların imtahan nəticələrinə əsasən bu il orta göstəricisi 51.36 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının (12 545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb.
2018-ci ildə isə orta göstərici daha aşağı – 49.91 bal olub. İmtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49.91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb.
2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub. 2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872 nəfərdir:
"Göründüyü kimi bu il yüksək bal toplayanların sayı artıb. Qeyd edək ki, 90 və daha yuxarı bal toplayanların sayı 33 nəfərdir və bu şəxslərin ali təhsil müəssisələrinə qəbul olunarkən topladıqları balın orta göstəricisi 634 baldan yuxarı olub. Bu iştirakçıların abituriyent kimi əldə etdikləri yüksək nəticələr magistraturaya qəbul imtahanında da təkrarlanıb".
Mərkəzdən qeyd edilib ki, bu il imtahanda iştirak edənlərin 7271 nəfəri (57.96%) cari ilin, 5274 nəfəri (42.04%) əvvəlki illərin məzunları olub. Ötən il bu göstəricilər müvafiq olaraq, 6793 (55.49%) və 5448 (44.51%) olub. Bu il cari ilin məzunlarının imtahan iştirakçıları arasındakı payı ötən illə müqayisədə 2.47% artıb. Bu il imtahan iştirakçılarının 5434-ü (43.32%) oğlan, 7111-i (56.68%) qız olub. 2018-ci ildə olduğu kimi bu il də qızlar oğlanlara nisbətən imtahanda daha yaxşı nəticə göstəriblər. 2018-ci və 2019-cu illərdə qızların müvafiq olaraq, 55.53% və 55.28%-i, oğlanların isə müvafiq olaraq, 44.47% və 44.72%-i imtahanda ən azı 50 bal toplayıb.

Tehsil-press.az

Oxşar xəbərlər