Azərbaycanda məktəb şagirdlərinin davranışındakı kobudluq, aqressiya və açıq hörmətsizlik artıq tək-tük müşahidə olunan hallar deyil, geniş yayılmış sosial problemdir. Sinif otaqlarında müəllimə qarşı etinasız münasibət, dərsin bilərəkdən pozulması, etik normaların açıq şəkildə tapdanması cəmiyyətdə ciddi narahatlıq doğurur.Bu vəziyyət isə istər-istəməz sual yaradır: bu mənzərənin yaranmasında əsas günahkar kimdir – valideynlər, yoxsa təhsil sisteminin özü?
Valideyn məsuliyyəti məsələsi burada əsas problemlərdən biridir. Bir çox ailədə uşaq tərbiyəsi faktiki olaraq məktəbin üzərinə ötürülüb. Valideyn övladının davranışına nəzarət etmək, ona qayda və sərhəd aşılamaq əvəzinə, müəllimi “xidmət göstərən şəxs” kimi görür. Məktəbə çağırılan valideynin ilk reaksiyası problemi araşdırmaq yox, müəllimi ittiham etmək olur. Bu yanaşma uşağa açıq mesaj verir: müəllim sənin üzərində real səlahiyyətə malik deyil. Nəticədə uşaq sinifdə özünü cəzasız və toxunulmaz hiss edir.
Lakin problemin kökü daha dərinə gedir və təhsil sisteminin yaratdığı mühit bu davranışların əsas səbəblərindən birinə çevrilib. Bir vaxtlar müəllim cəmiyyətdə hörmət edilən, sözü keçən, tərbiyə və bilik mənbəyi kimi qəbul olunan şəxs idi. Bu gün isə müəllim sistemin içində dəyərsizləşdirilən, daim nəzarət və təzyiq altında saxlanılan bir fiqura çevrilib. Müəllimin nüfuzu sarsıdıldıqca, şagirdin ona münasibəti də dəyişir.
Xüsusilə müəllimlərin sertifikasiya prosesi bu hörmətsizliyin simvoluna çevrilib. İllərlə məktəbdə çalışmış, onlarla nəsil yetişdirmiş, pedaqoji təcrübəsi formalaşmış 55–60 yaşlı müəllimin test imtahanına cəlb edilməsi və zəif nəticəyə görə “sən heç nə bilmirsənmiş” damğası ilə üzləşməsi təkcə fərdi deyil, institusional problemdir. Bu, müəllimi alçaldan, onun illərlə qazandığı sosial statusu bir gündə məhv edən yanaşmadır. Daha təhlükəlisi isə odur ki, bu proses cəmiyyətə və şagirdlərə açıq mesaj verir: müəllim hörmətə layiq deyil.
Məsələ ilə bağlı danışan təhsil eksperti Fuad Hacıyev bu məsələnin məktəbdaxili intizamla birbaşa bağlı olduğunu bildirir.
Onun fikrincə, müəllim hüquqi və inzibati baxımdan qorunmadıqca, sinifdə real söz sahibi ola bilməz:
“Müəllim şagirdə irad bildirdikdə sabah valideynin şikayəti, rəhbərliyin təzyiqi və ya növbəti sertifikasiya qorxusu ilə üzləşəcəyini düşünürsə, sərt mövqe göstərə bilməz. Bu isə məktəbdə qaydaların müəllim tərəfindən yox, şagird tərəfindən müəyyən edilməsinə gətirib çıxarır. Sertifikasiya bilik yox, sistemin müəllim üzərində nəzarət alətinə çevrilib və bu, pedaqoji mühiti zədələyir”.
Ekspertin sözlərinə görə, şagirdlərinin tərbiyəsizliyi nə təsadüfdür, nə də tək bir tərəfin günahıdır:
“Bu, valideyn məsuliyyətsizliyinin, təhsil sistemindəki ciddi boşluqların və müəllimin sistemli şəkildə nüfuzdan salınmasının məntiqi nəticəsidir. Müəllimi testlə alçaldan, valideyni müəllimin üstünə qaldıran, məktəbi cəza qorxusu ilə idarə edən bir sistem sağlam və tərbiyəli nəsil yetişdirə bilməz. Əgər cəmiyyət doğrudan da siniflərdə hörmətin geri qayıtmasını istəyirsə, ilk addım müəllimin hörmətini və statusunu bərpa etməkdən başlamalıdır. Əks halda, bu problem daha da dərinləşəcək və nəticələri təkcə məktəblərlə məhdudlaşmayacaq”.
Saytımıza danışan sosioloq Elçin Bayramlı isə bildirib ki, problem yalnız məktəblə məhdudlaşmır.
Onun fikrincə, burada cəmiyyətdə avtoritet anlayışının ümumi aşınması müşahidə olunur:
“Ailədə valideynin sözü keçmirsə, müəllim nüfuzdan salınıbsa, mediada və sosial şəbəkələrdə aqressiv davranışlar normallaşdırılıbsa, məktəb bu sosial xaosun içində təkbaşına tərbiyə ocağı rolunu oynaya bilməz. Uşaq cəmiyyətin güzgüsüdür və məktəbdə gördüyümüz davranışlar əslində evdə və ictimai mühitdə formalaşan münasibətlərin davamıdır.
Müəllimin nüfuzunun sarsıdılması uzunmüddətli sosial fəsadlara yol açır. Müəllimə hörmət etməyən uşaq sabah polisə, həkimə, qanuna da hörmət etməyəcək. Bu baxımdan problem təkcə təhsil yox, gələcək sosial münasibətlər məsələsidir”.
Tehsil-press.az













