Fransa diplomatik missiyası rəsmi sosial media hesabında dərc etdiyi açıqlamada Azərbaycan və Ermənistan arasında əldə olunan son razılaşmaları Fransa ilə Qərbi Almaniya(AFR) arasında 22 yanvar 1963-cü ildə imzalanmış Yelisey müqaviləsi ilə müqayisə edib.
Fransa ilə Qərbi Almaniya arasında müqavilə 22 yanvar 1963-cü ildə Yelisey Sarayında Almaniya kansleri Konrad Adenauer və Fransa prezidenti Şarl de Qoll tərəfindən imzalanıb. Sənədin tarixi konteksti İkinci Dünya müharibəsindən sonra Fransa–Almaniya qarşıdurmasına birdəfəlik son qoymaq və Avropada uzunmüddətli sabitlik yaratmaq məqsədi ilə bağlı idi.
Müqavilənin təşəbbüskarı olan general de Qoll üçün bu sənəd Qərbi Almaniyanın Avropa inteqrasiyasına daha dərindən cəlb edilməsi və ABŞ-ın Avropa üzərində siyasi təsirinin balanslaşdırılması baxımından strateji əhəmiyyət daşıyırdı.
Sayt yazır ki, indi Beşinci Respublikaya tez-tez siyasi ifratlar arasında tərəddüd edən Emmanuel Makron rəhbərlik edir. Almaniyada isə hökumətin başında Avropanın strateji liderlik ənənəsi ilə müqayisədə daha zəif fiqur kimi dəyərləndirilən Fridrix Merz dayanır. “Onlar vahid Avropanın təməlini qoyan ötən əsrin siyasi ağırçəkililəri ilə müqayisə edilə bilməzlər. Bu səbəbdən ABŞ-la açıq qarşıdurma iradəsi və imkanları məhdud olan Avropa paytaxtları “köhnə qitə” ilə birbaşa coğrafi və tarixi bağlılığı olmayan iki ölkə arasında sülh prosesini alqışlamaqla kifayətlənirlər. Yada salaq ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma ötən ilin avqustunda Vaşinqtonda baş nazir Nikol Paşinyan və prezident İlham Əliyev tərəfindən Donald Trampın iştirakı ilə paraflanmışdı. Bu razılaşma Trampın ABŞ-ın 47-ci prezidenti kimi “sona çatdırıldığını” iddia etdiyi münaqişələrdən biri kimi təqdim olunur.
Sayt yazır ki, “yumşaq desək, bu prosesi Yelisey müqaviləsi ilə eyniləşdirmək kifayət qədər mübahisəli bənzətmədir. Yelisey müqaviləsi yalnız simvolik barış sənədi deyil, praktik əməkdaşlıq mexanizmlərini ehtiva edən strateji razılaşma idi. 1963-cü il yanvarın 22-də imzalanmış Fransa–Qərbi Almaniya arasında Yelisey müqaviləsinə görə xarici siyasət sahəsində koordinasiyanı gücləndirmək, mühüm beynəlxalq məsələlər üzrə mütəmadi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Razılaşma müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığı nəzərdə tutaraq hərbi strukturlar arasında əlaqələrin genişləndirilməsini, ortaq təlimlərin keçirilməsini və davamlı strateji dialoqun qurulmasını ehtiva edib. “Ən vacib məqam isə odur ki, Yelisey müqaviləsi iki məğlubedici müharibə yaşamış, dərin tarixi düşmənçiliyi olan dövlətlər arasında uzunmüddətli siyasi iradəyə və institusional təminata söykənirdi. Bu baxımdan onu hələ yekun sülh müqaviləsi imzalanmamış Azərbaycan–Ermənistan prosesinə birbaşa tətbiq etmək mübahisəlidir” deyə, yazıda bildirilir.
Tehsil-press.az











