Cəlilabad rayonunda baş verən ağır cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub.Kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyevin qardaşının azyaşlı övladlarına – 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevaya hücum etdiyi bildirilir.
Nəticədə hər iki yeniyetmə baş nahiyəsindən ağır bədən xəsarətləri alıb.
Şahidlərin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs spirtli içkinin təsiri altında olub. O, hadisədən sonra küçəyə çıxaraq qonşularına qardaşının övladlarına xəsarət yetirdiyini bildirib. Yaralılar qonşular tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Həqiqət Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. Onun qardaşı Hüseyn Nağıyevin müalicəsi isə davam etdirilir.
Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda muzdlu işdə çalışır. Bildirilir ki, iki qardaş eyni həyətdə, eyni ünvanda yaşayırmış.
Cinayəti törətməkdə şübhəli bilinən Əli Nağıyev saxlanılaraq istintaqa təhvil verilib. Onun əvvəllər bir neçə dəfə məhkum olunduğu, həmçinin bir müddət Dağıstanda işlədiyi bildirilir.
09:52
Cəlilabadda 1 nəfəri qəsdən öldürmə, digər şəxsi isə qəsdən öldürməyə cəhd faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Tehsil-press.az













