Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericiliyin minimum əmək haqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib. Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması” tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.
Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
***
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılır.
Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
***
Milli Məclis bu gün keçirilən iclasında “Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
***
Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci səsvermədə müzakirəyə çıxarılıb.
Konstitusiya qanunu layihəsində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulub.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da əksini tapacaq.
Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Layihədə əlavə edilməsi nəzərdə tutulan digər maddə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədir. Bu maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması qeyd olunur.
Konstitusiya Qanunu layihəsində nəzərdə tutulan dəyişikliklərdən biri "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddənin çıxarılmasıdır.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikası Prezidenti təyin edəcək (maddə 13, hissə II).
Bundan başqa, layihədə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).
Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).
Layihəyə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq (maddə 29, hissə II).
Nəzərdə tutulan digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).
Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.
Layihədə, həmçinin, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).
Layihədə, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.
Müzakirələrdən sonra qanun layihəsi ikinci səsvermədə qəbul edilib.
Qeyd edək ki, Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. Bu qanunlar həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur, Prezident tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.
***
İncəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu dəyişikliklər vergi orqanında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən (elektron ticarəti həyata keçirən) qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmini təkmilləşdirir və həmin əməliyyatlar üzrə vergi tutma məsələlərini əhatə edir. Belə ki, yuxarıda qeyd olunan qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən alıcılara təqdim etdikləri elektron xidmətlər üzrə dövriyyənin həcmi müəyyən edilmiş həddi (10 000 ABŞ dollarının manat ekvivalenti) aşdığı hallarda onların vergi uçotuna alınması məcburi, həmin həddə çatmadıqda isə könüllü olacaq. Belə bir həddin müəyyən edilməsi bir tərəfdən az dövriyyəli qeyri-rezidentlərin inzibati yükə məruz qalmamasına şərait yaradırsa, digər tərəfdən iqtisadi cəhətdən əhəmiyyətli həcmdə xidmət göstərən qeyri-rezident təchizatçıların məcburi vergi uçotuna cəlb olunmasını təmin edir.
Elektron ticarət qaydasında təqdim edilən iş və xidmətlərin sayı və həcmi böyük olduğundan qanunvericiliklə belə xidmətlərin əhatə dairəsinə aid edilməyən istisnalar müəyyənləşdirilir. Bu istisnalara məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri aiddir. Həmin xidmətlərin mahiyyət etibarilə fərdiləşdirilmiş xarakter daşıması, real vaxt rejimində birbaşa qarşılıqlı ünsiyyət əsasında icra edilməsi və ənənəvi xidmət münasibətlərinə daha yaxın olması nəzərə alınmaqla, elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir. Dəyişiklik ƏDV-nin hər hesabat dövrü üçün, lakin hesabat dövründən sonrakı ayın son günündən gec olmayaraq ödənilməsini nəzərdə tutur.
Mcburi qeydiyyatla bağlı qanunvericiliyin bu tələbinin 6 (altı) aydan sonra tətbiq olunacaq və vergi uçotu qanun qəbul edildikdən sonra təsdiq ediləcək qaydalara uyun olaraq sadələşdirilmiş prosedur (onlayn qeydiyyat, minimal hesabat tələbləri) əsasında həyata keçiriləcəkdir. Bu isə qeyri-rezidentlərə sistemlərini, vergi infrastrukturunu və hesabat mexanizmlərini qanunun tələblərinə uyğunlaşdırmaq imkanı yaradacaq.
Bütövlükdə dəyişiklik dövriyyəsinin həcmi müəyyən edilmiş həddi keçən elektron ticarət sahəsində fəaliyyət göstərən qeyri-rezidentlərin vergi uçotuna alınmasına, bu sahədən ƏDV üzrə daxilolmaların artmasına və vergitutma bazasının şəffaflığının təmin olunmasına şərait yaradacaq.
Qeyd edək ki, vergi ödəyicisi kimi uçotda olan şəxslər ilə elektron qaydada vergi uçotuna alınan qeyri-rezident arasında aparılan əməliyyatların vergiyə cəlb edilməsi ümumi qaydada (Məcəllənin 169.4-cü və 169.5-ci maddələrinə uyğun olaraq) həyata keçirilir. Bu halda ƏDV-nin hesablanması və ödənişi ilə bağlı öhdəlik vergi ödəyicisinin üzərinə düşür.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Tehsil-press.az












