Sanatoriyalarda dincəlmək istəyənlər oxusun

Sanatoriyalarda dincəlmək istəyənlər oxusun Bu il 70 min nəfərdən artıq vətəndaşın sanatoriya-kurort müəssisələrinidə dincəlməsi üçün yollayışlardan istifadə edəcəyi gözlənilir.

Bunu Tehsil-press.az-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib.
Azərbaycan həmkarlar ittifaqları təşkilatlarının hər il olduğu kimi, bu il də yay mövsümünə ciddi şəkildə hazırlaşdığını deyən N.Ağamirov bildirib ki, sanatoriya-kurort müəssisələrinin böyük əksəriyyətində təmir-abadlıq işləri aparılıb, “lüks” və “yarımlüks” tipli nömrələrin sayı artırılıb, yeni idman qurğuları quraşdırılıb.
N.Ağamirov deyib ki, 2015-ci ildə həmkarlar ittifaqları təşkilatları tərəfindən 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazasına yollayışlar verilib.
Sanatoriyaların 6-sı ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları mövsümi fəaliyyət göstərib.
Sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların qiymətinə gəldikdə, N.Ağamirovun sözlərinə görə, ötən illə müqayisədə yollayışların qiymətində, demək olar, dəyişiklik baş verməyib. Bu il yollayışların qiyməti 570 manatdan 750 manatadəkdir. Yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır.
Konfederasiya rəsmisi əlavə edib ki, sanatoriya və istirahət evlərinə yollayışlar məcburi dövlət sosial sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. Yollayışların ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam güzəştlə pulsuz verilir:
“İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək yollayışlar ala bilərlər. Müəssisələrin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq müvafiq yollayışlarla təmin edir. Məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə və ailə üzvü də məcburi dövlət sosial sığorta haqqı ödəyirsə, onda həmin ailə üzvü üçün də yollayışın dəyərinin 15%-ni ödəyir. Əgər işləmirsə, məcburi dövlət sosial sığorta haqqı ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə bilər. Həmkarlar itifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ var”.


Tehsil-press.az

Oxşar xəbərlər