Bakı Slavyan Universitetində akademik Tofiq Hacıyevin xatirəsi anılıb

Bakı Slavyan Universitetində akademik Tofiq Hacıyevin xatirəsi anılıb Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) türkologiya kafedrasının təşkilatçılığı ilə görkəmli dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev akademik Tofiq Hacıyevin həyatı, elmi və pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, Tofiq Hacıyevin Azərbaycanda dilçilik elminin və türkologiyanın inkişafında mühüm rolu olduğunu söyləyib.
Türkologiya kafedrasının müdiri, professor Şaban Hüseynov akademik Tofiq Hacıyevin elmi fəaliyyətinin bütün türk dünyasında dilçilik elminin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mərhum akademikin tələbəsi, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva alimin çoxşaxəli yaradıcılığından, səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. O, Tofiq Hacıyevin dilçilik elmi sahəsində elmi məktəb yaratdığını bildirib, həmin məktəbin bu gün dilçilik elmimizin ən ciddi problemlərinin həlli ilə məşğul olduğunu söyləyib.
BSU-nun Azərbaycan dili kafedrasının müdiri İkram Qasımov, türkologiya kafedrasının dosenti Nuridə Novruzova, müasir rus dili kafedrasının müdiri İlyas Həmidov akademik Tofiq Hacıyevin zəngin elmi və pedaqoji fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar.
Diqqətə çatdırılıb ki, akademik Tofiq Hacıyev dilçilik elmimizdə üslubiyyət məsələləri ilə bağlı dəyərli əsərlər yazıb.
Alimin oğlu Azər Hacıyev atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirin sonunda türkologiya kafedrasının dosenti Xatirə Abdullayevanın Tofiq Hacıyevin həyat və yaradıcılığına həsr etdiyi “Qürubu olmayan günəş” filmi nümayiş olunub.
Qeyd edək ki, akademik Tofiq Hacıyev AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri olub. Görkəmli alim 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifidir.

BSU-nun Mətbuat Xidməti


Bakı Slavyan Universitetində akademik Tofiq Hacıyevin xatirəsi anılıb
Bakı Slavyan Universitetində akademik Tofiq Hacıyevin xatirəsi anılıb


Oxşar xəbərlər