Seminarda Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Habil Aslanov məruzə ilə çıxış edib. O, çıxışı zamanı beynəlxalq nəqliyyat dəhlizlərinin qlobal və regional iqtisadi sistemdə artan rolunu geniş şəkildə təhlil edib.
Məruzəçi Azərbaycanın əlverişli coğrafi mövqeyinə diqqət çəkərək bildirib ki, ölkə Şərq-Qərb nəqliyyat dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizi kimi mühüm marşrutların kəsişməsində yerləşir. Bu amil Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, regional iqtisadi təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır.
Seminarda nəqliyyat-logistika infrastrukturunun inkişafı, beynəlxalq ticarət axınlarının diversifikasiyası və geoiqtisadi risklərin idarə olunması məsələləri də müzakirə olunub.
Qeyd edilib ki, nəqliyyat dəhlizlərindən səmərəli istifadə ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə, ixrac imkanlarının artmasına və iqtisadi dayanıqlılığın güclənməsinə şərait yaradır.
Bundan əlavə, postmünaqişə dövründə iqtisadi inteqrasiya imkanları, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regional layihələrin həyata keçirilməsinin sülh prosesinə töhfəsi də vurğulanıb. Bildirilib ki, iqtisadi qarşılıqlı asılılığın güclənməsi regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edən əsas amillərdən biridir.
Sonda seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, suallar cavablandırılıb.
Tehsil-press.az






