BDU-da elmi seminar: Azərbaycan Respublikası müasir geosiyasi sistemdə

BDU-da elmi seminar: Azərbaycan Respublikası müasir geosiyasi sistemdə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Azərbaycan Respublikası müasir geosiyasi sistemdə” mövzusunda onlayn elmi seminar keçirilib.
Elmi seminarda fakültə dekanı Zeynalabdin Həsənəliyev qoyulan mövzunun aktuallığından danışıb.
Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Səbinə Qaraşova Azərbaycan Respublikasının müasir geosiyasi sistemdəki rolu və əhəmiyyəti, beynəlxalq və regional siyasətdə tutduğu mövqe, həyata keçirilən sistemli siyasi strategiya haqqında məruzə ilə çıxış edib. Azərbaycanın regional geosiyasi maraqları çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, yaradılmış üçtərəfli formatda əməkdaşlığa da ciddi önəm verdiyini, regionda Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə formatlarında geniş əməkdaşlıq platformaları yaradıldığını və ölkəmizin bu sahədə fəal iştirak etdiyini qeyd edib. Məruzənin ikinci hissəsində dünyanın aparıcı dövlətlərinin geosiyasi maraqları prizmasından Azərbaycanın həyata keçirdiyi siyasət təhlil olunub. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsinin, ümumilikdə dünyanın böyük dövlətlərinin geosiyasi maraqlarında vacib yer tutduğu, ölkəmizin dünyanın geosiyasi sistemində mövqeyi daha da gücləndiyi bildirilib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən elmi seminarda mövzu ətrafında müzakirələr aparılıb. “Microsoft Teams” platforması üzərində təşkil edilmiş elmi seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər