Ovcumdakı nədir? (dini rəvayət)

Ovcumdakı nədir? (dini rəvayət) Tehsil-press.az Din bölməsi – İmam Sadiqin (ə) dövründə bir şəxs Peyğəmbər (s) məscidində iddia etdi ki, kim əlində nə gizlətsə, nə olduğunu ona deyə bilərəm. Camaat onun başına yığışdı. Hərə əlində bir şey gizlədib, ondan nə olduğunu soruşur, o da hamıya doğru cavab verirdi. Məsciddə böyük səs-küy var idi. Camaat bir-birinin üstünə çıxır, qeybdən xəbər verən bu adamın kim olduğunu görmək istəyirdi. Bu əsnada İmam Sadiq (ə) məscidə daxil oldu. İzdihamı görüb, səbəbini soruşdu. Camaat həmin şəxs haqqında danışdı. İmam (ə) irəli getdi. Əlində bir şey gizlədib, ondan soruşdu ki, əlimdəki nədir? Sehrbaz şəxs bir qədər fikrə getdi. İmam (ə) soruşdu ki, əlimdə nə olduğunu tapa bilmirsən? Qəribə adam dedi:”Əlinizdəkinin nə olduğunu bilirəm. Amma məni heyrətə salan odur ki, onu necə əldə etmisiniz?” İmam soruşdu ki, əlimdə nə var? Şəxs dedi: “Mən indi baxdım və gördüm ki, aləmdə hər şey öz yerindədir. Yalnız bir dəyişiklik var. Bir adada bir quş iki yumurta qoymuşdu. İndi onlardan biri yoxdur və o yumurta sizin əlinizdə olmalıdır.” İmam “doğrudur” buyurdu, əlini açdı və quş yumurtasını camaata göstərdi. Ondan soruşdu ki, bu elmi və bacarığı necə əldə etmisən? Qəribə adam cavab verdi ki, nəfs istəklərimə qarşı çıxmışam, ürəyim istədiyinin əksinə getmişəm. İmam buyurdu ki, müsəlman olmaq istəyirsənmi? Həmin şəxs imtina etdi. İmam buyurdu: “Axı sən özün dedin ki, ürəyim istədiyinin əksinə gedirəm. Nə üçün indi ürəyinin istədiyini edirsən, nəfsinə qarşı çıxmırsan?”
Cavab tapa bilməyən şəxs İmamın (ə) sözlərini qəbul edib, müsəlman oldu.


Tehsil-press.az

Oxşar xəbərlər