Ötən həftə 44 nəfərin ölümünə səbəb olan Atatürk hava limanında törədilən terror aktının üzərindən bir həftə keçməmiş hava limanı əməkdaşları yenidən həyəcan yaşayıblar. Tehsil-press.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hava limanında iki İŞİD terror təşkilatı ilə əlaqədə olduğu güman edilən şəxs saxlanılıb.
Qırğızıstan və Rusiya pasportları olan 25-35 yaşlı iki kişi İstanbula Ukraynadan gəliblər. Hava limanı polisi adı açıqlanmayan şəxslərdən şübhələnib və onları saxlayıb. Axtarış zamanı onların çantalarından 4 termal durbin, 3 hərbi kamuflyaj geyimi, başqa şəxslərə aid pasportlar və doğum haqqında sənədlər tapılıb.
Şübhəlilərin İŞİD üzvü olduğu ehtimal edilir. Onlar polis nəzarətinə götürülüblər. Atatürk hava limanında terror aktı iyun ayının 28-də axşam saatlarında törədilib. "Kalaşnikov"la silahlanmış 3 nəfər hava limanına girərək atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar. Terror aktı nəticəsində 44 nəfər ölüb, iki yüzdən artıq insan isə yaralanıb. Ölkə rəhbərliyi hadisəni İŞİD-in törətdiyini bildirib.
Tehsil-press.az