74 min iranlı Azərbaycanda - Səbəb nədir?

74 min iranlı Azərbaycanda - Səbəb nədir? Artıq bir aydan çoxdur ki, ölkədə yay turizm mövsümünə start verilib.
Tehsil-press.az xəbər verir ki, mövsümün açıq elan olunması müxtəlif ölkələrdən Azərbaycana turistlərin gəlməsinə səbəb olub. Xüsusilə də paytaxtın mərkəzi yerlərində olarkən Avropadan, Asiyadan gələn əcnəbilərə rast gəlmək mümkündür. Gələn qonaqlar içərisində İrandan gələn turistlər isə sayca üstünlük təşkil edir. Müşahidələr də onu göstərir ki, bu il paytaxt Bakıya iranlı turistlər daha çox səfər edir. Ən azı Dənizkənarı Milli Parkda axşam gəzintisinə çıxan zaman iranlı turistlərin nəzərə çarpacaq qədər çox olduğunun şahidi ola bilərsiniz.
Bu məqamda “Qafqazinfo” Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək bu il Azərbaycana gələn iranlı turistlərin statistikasını əldə edib. Nazirlikdən bildirilib ki, ötən il ümumilikdə ölkəmizə 149 600 nəfər iranlı turist gəlib. 2015- ci ilin beş ayında bu rəqəm 61 096 nəfər təşkil edib. 2016- cı ilin ilk beş ayının nəticəsinə görə isə bu rəqəm 74 890 nəfərdir.
Statistikadan da göründüyü kimi, 2015- ci ilə nisbətən 2016- ci ildə turist sayında 14 minə yaxın artım var.
Maraqlıdır ki, iranlılar niyə məhz istirahət üçün Bakını seçirlər?
Bunun səbəbləri barədə turizm üzrə ekspert Çingiz İsmayılov “Qafqazinfo”ya açıqlama verib. O da bildirib ki, son vaxtlar Azərbaycana İrandan gələn turistlərin sayında artım müşahidə olunur: “Ümumiyyətlə isə, son illər Azərbaycanda müxtəlif beynəlxalq səviyyəli tədbirlər keçirilir. Bu tədbirlər də dünya mediasında yer alır. Azərbaycanın təbliği potensial turistlər üçün cəlbedici bir faktdır. Ölkədə siyasi sabitlik var, iqtisadi durum elə də mürəkkəb deyil. İran da bizimlə qonşu dövlətdir. Onunla dini, milli , tarixi baxımından çox oxşarlıqlarımız var. Bundan əlavə, onların gəlməsi üçün çox vəsaitə də ehtiyac yoxdur. Burada vaxt amili də nəzərə alınmalıdır. Ona görə də iranlı turistlərin sayının çoxalması təbii qəbul olunmalıdır. İranın 80 milyona yaxın əhalisi var. Hər yay Xəzərin İran sahili ərazisinə 10 milyon adam istirahət etməyə gedir. Bu baxımdan tursitlərin sayının 14 min nəfər artması böyük rəqəm deyil”.
Ekspert vurğulayıb ki, Azərbaycanla İran arasında viza sisteminin mövcud olması belə turistlərin sayının artmasına mane olmur: “Məlumata görə, İran Ermənistanla vizanı ləğv edir. Biz belə şəraitdə İranla viza sistemini saxlamalıyıq. Hər bir İran vətəndaşı Azərbaycanı görmək istəyirsə, gələcək”.
İranlı turistlərin günlük evlərdə qalmasına gəlincə isə Ç. İsmayılov qeyd edib ki, hər bir turist öz vəsaitlərinə uyğun olaraq qalmaq yerini seçir: “İranlıların bizimlə çoxlu əlaqələri var. Bundan da istifadə edərək evlərdə qalırlar. Bu da Azərbaycanın xeyrinədir. Çünki turisti evində qəbul edən əlavə vəsait qazanır. Bizim otellər isə çevik olmalıdır. Otellərdə olan qiymətlər turistlər üçün münasib deyil. Qonşu Gürcüstanda 25 dollara oteldə qalmaq mümkündür. Bizdə isə qiymətlər 70 dollardan başlayır. İrandan bura gələnlər də müxtəlif təbəqələrdəndir. İmkanlı olanlar bahalı otelləri seçirlər. Digər təbəqə isə günlük evlərdə qalmağa üstünlük verir”.


Tehsil-press.az

Oxşar xəbərlər