.jpg)
Tehsil-pess.az-ın melumatlna görə, hazırda festivala hazırlıq işləri başa çatıb.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, festivalın təşkilat komitəsinin üzvü Zərinə Cavadova bildirib ki, şirniyyat festivalının rəsmi açılış mərasimi iyulun 20-də axşam saatlarında XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində olacaq. Festivalda 10 xarici ölkədən gəlmiş qənnadıçılar, həmçinin respublikamızın 20-dən artıq şəhər və rayonunun şirniyyatçıları əvvəlcədən hazırladıqları qənnadı məhsullarını nümayiş etdirəcəklər.
Qurumun rəsmisinin bildirdiyinə görə, TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar builki festivalın iştirakçıları arasında türkdilli ölkələrdən gəlmiş qənnadıçılar üstünlük təşkil edəcək.
Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və digər milli şirniyyat nümunələrini sərgiləyəcəklər.
Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və fərqlənən şirniyyatçılar mükafatlandırılacaq.
Ənənəvi şirniyyat festivalı rəngarəng konsert proqramı ilə başa çatacaq.

Tehsil-press.az