Azərbaycan Dillər Universitetində I kurs tələbələrin dekanlarla görüşü keçirildi

Azərbaycan Dillər Universitetində I kurs tələbələrin dekanlarla görüşü keçirildi Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilində universitetə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirildi. Görüşdə universitetin Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev və adları çəkilən dekanların müavinləri iştirak edirdi.
Öncə çıxış edən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva birinci kurs tələbələrini Azərbaycanın ən nüfuzlu universitetlərindən birinin tələbəsi adını qazanmaqları münasibəti ilə təbrik etdi. O, tələbələrin seçdikləri ixtisas üzrə gələcəyin ən aparıcı mütəxəssisləri olacaqlarına əminliyini ifadə etdi. ADU-nun tələbə həyatının rəngarəngliyini önə çəkən dekan I kurs tələbələrinin tez bir zamanda xeyli sayda dostlar qazanacaqlarını, universitet rəhbərliyi, o cümlədən professor-müəllim heyətinin və yuxarı kurs tələbələrinin daim onlarla ünsiyyətdə olacaqlarını sözlərinə əlavə etdi. İllər öncə bu universitetin birinci kurs tələbəsi olaraq o, özünü böyük bir ailənin üzvü kimi hiss etdiyini deyərək tələbələrin də bu hissi yaşayacaqlarına inandığını bildirdi.
Daha sonra Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev elmi potensialı ilə seçilən Azərbaycan Dillər Universitetinə qəbul olan tələbələri təbrik etdi. Daha sonra Vilayət Hacıyev ADU-nun professor-müəllim heyəti və tələbələri ilə həmişə digər universitetlərdən fərqləndiyini bildirdi. O, Sovetlər dönəmindən universitetdə çalışdığını və özünün də buranın tələbəsi olduğunu diqqətə çatdırdı. Elə sovet dövrünün çətinliklərindən bəhs edən fakültə dekanı o zamanlar Azərbaycanın dünyadan təcrid olunduğunu, amma yalnız universitetimizin müəllimlərinin sərhədləri aşaraq dil bilgiləri sayəsində beynəlxalq aləmdə olub bitənlərdən xəbərdar olduqlarını, məlumatları xarici dillərə tərcümə edib ölkəmizi dünyaya tanıtdıqlarını söylədi. Qloballaşmada əsas elementlərdən biri dil bilməkdir deyən dekan məzunların və müəllimlərin ölkəmizlə xarici dövlətlər arasında körpü rolunu oynadığını, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtmaq missiyasının bizim universitetin üzərinə düşdüyünü sözlərinə əlavə etdi. O, tərcüməçilik peşəsinin məsuliyyətindən bəhs edərək bu sahədə ixtisaslaşmış kadrların müxtəlif millətlərin nümayəndələri ilə əlaqələr yaradıb vətənlərini təmsil etmək kimi ləyaqətli və çətin işin öhdəsindən gəldiklərini bildirdi. Ona görə də dekan, tələbələrə öz gələcək karyeralarını əsaslı şəkildə qurmaq üçün universitetdə yaradılan təhsil və elm imkanlarından səmərəli yararlanmağı tövsiyə etdi.
I kurs tələbələrini təbrik edən Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova onlara möhkəm can sağlığı və təhsillərində uğurlar arzuladı. O, I kursların tələbə adına layiq görülməklə həyatdakı ən böyük və çox vacib olan uğurlardan birinə imza atdıqlarını söylədi.
Tələbələr üçün geniş imkanlar yaradan universitetdəki fakültələrin strukturu haqqında danışan Sevda Vahabova rəhbərlik etdiyi Filologiya və jurnalistika fakültəsində filologiya, müəllimlik və jurnalistika üzrə ixtisasların mövcud olduğunu dedi. Universitetin bütün fakültələrində olduğu kimi, Filologiya və jurnalistika fakültəsində də mövcud olan ixtisaslar üzrə təhsilin tələbələri qane edəcəyinə və elmin dərinliklərinə baş vurmağa imkan yaradacağına əminliyini ifadə edən dekan onlara indidən qarşılarına məqsəd qoyub ona çatmaq üçün əllərindən gələni əsirgəməməyi tövsiyə etdi. Universitet məzunları sırasında yüksək vəzifəli şəxslərin yer aldığını diqqətə çatdıran fakültə dekanı I kurs tələbələrinə də onların davamçısı olmağı arzuladı.
Sonda çıxış edən ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Şəfaqət Kazımova tələbələri təbrik etdi, sevərək seçdikləri ixtisasları uğurla başa vurmağı arzuladı. O, yazmaq, ümumilikdə yaradıcılıq qabiliyyəti olan tələbələrin yazı və məqalələrinin universitetin mətbu orqanı olan “Poliqlot” qəzetində işıqlandırılmasının təmin olunacağı barədə məlumat verdi.
Tədbirdə dekanlar rəhbərlik etdikləri fakültələrin tarixi, tədris prosesi, dərs cədvəli, sessiya, davamiyyət, qiymətləndirmə sistemi, semestrdə imtahan vermək üçün lazımi şərtlər haqqında məlumat verdilər, eyni zamanda imtahana giriş ballarının hesablanması, imtahan nəticələrindən narazı olan tələbələrin şikayətlərinə appelyasiyada baxılması, təlim-tərbiyə, nizam-intizam qaydalarına əməl edilməsi, ictimai fəaliyyətdə aktivlik barədə danışdılar.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində I kurs tələbələrin dekanlarla görüşü keçirildi

Oxşar xəbərlər