Orta məktəblərlə əlaqələrimiz genişlənir

Orta məktəblərlə əlaqələrimiz genişlənir 24 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, professor Sevinc Zeynalovanın “Tanıdım” layihəsi çərçivəsində Bakının orta məktəb şagirdləri ilə görüşlər davam edir. Bu layihə çərçivəsində növbəti görüş Bakı şəhəri Nərimanov rayonunda yerləşən 304 saylı məktəb-liseyin yuxarı sinif şagirdləri ilə baş tutdu. Görüşdə universitetin Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova və Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva iştirak edirdi.
Öncə ADU-nun Linqvokulturologiya kafedrasının dosenti Tofiq Quliyev layihənin məqsədi və məktəblə universitet arasındakı əlaqələr haqqında məlumat verərək məktəblilərlə görüşün tanışlıq xarakterli olduğu bildirildi.
Daha sonra şagirdlərlə görüşən fakültə dekanları təmsil etdikləri Dillər Universitetinin tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri, müxtəlif beynəlxalq proqramlar çərçivəsində dünyanın bir sıra nüfuzlu universitetləri ilə tələbə və müəllim mübadiləsi, fakültələri və kafedraları, dil mərkəzləri, açıq kitabxanaları, muzeyləri, tələbə həyatı haqqında geniş məlumat verdilər. Universitetin müasir standartlara cavab verən maddi texniki bazası və infrastrukturu haqqında danışaraq çıxışçılar ali təhsil ocağının sinxron tərcümə kabinləri, auditoriyalar, böyük konfranslara ev sahibliyi edən akt zalları, İnformasiya Resurs Kompleksi, “Poliqlot” qəzeti, onlayn televiziya, elektron sayt ilə təchiz olunduğunu vurğuladılar. Şagirdlərə ADU-da 7 fakültə üzrə 7000-ə yaxın tələbənin təhsil aldığı, fənləri azərbaycanlı müəllimlərlə yanaşı, xarici mütəxəssislərin də tədris etdiyi, eyni zamanda təhsilin Azərbaycan, rus və ingilis dillərində olduğu bildirildi.

Orta məktəblərlə əlaqələrimiz genişlənir

Fakültələrin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında geniş məlumat verildi. Fakültə məzunlarından söz açan dekanlar hazırlanan kadrlara həmişə böyük ehtiyac olduğunu məktəblilərin diqqətinə çatdırdılar. Çıxışın sonunda şagirdlərin çoxsaylı suallarını cavablandıraraq onları ADU-ya dəvət edən dekanlar məqsədi savadlı, bilikli, öz dəst-xətti ilə seçilən mütəxəssislər yetişdirmək olan Dillər Universitetini seçərlərsə, tanınmış mütəxəssislərdən dərs alacaqlarını, yeni biliklərə yiyələnəcəklərini, demokratik olan mühitdə təhsil alacaqlarını vurğuladılar.
Qeyd edək ki, görüşdə şagirdlərlə yanaşı, universitetin həmin məktəbdə pedaqoji təcrübədə olan tələbələri və müəllimlər iştirak edirdi.

ADU-nun Mətbuat Şöbəsi

Oxşar xəbərlər