ADU-da çinli alimlə görüş keçirildi

ADU-da çinli alimlə görüş keçirildi Sentyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin İctimai Elmlər Akademiyasının “Bir Kəmər, Bir Yol” Araşdırma Mərkəzinin baş katibinin müavini cənab Syuy Venxun ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşdü.
Açılış nitqi ilə çıxış edən Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin “İpək yolu iqtisadi kəməri” və “XXI əsrin Dəniz İpək yolu” layihələrini birləşdirən “Bir Kəmər, Bir Yol” konsepsiyasının Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulunu xatırladaraq İpək yolu İqtisadi kəmərinin infrastrukturunun yaradılması və inkişafı sahəsində hər iki tərəfin maraqlı olduğunu söylədiyini vurğuladı.
Syuy Venxun çıxışında Böyük İpək yolunun bərpa edilməsi üzrə qlobal layihənin reallaşdırılması sahəsində Azərbaycan-Çin elmi-texniki əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd etdi. O, bu layihənin iqtisadi imkanlarından, həmçinin onların dünya ölkələrinin müasir geoiqtisadiyyatı və geosiyasətindəki rolundan danışdı.
Görüşün sonunda çinli qonağa Azərbaycan Dillər Universitetinin Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev-iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edildi.
Qeyd edək ki, görüşdə ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Magistratura və Doktorantura fakültəsinin dekanı, dosent Zərinə Aslanova, Xarici Dillər kafedrasının müdiri, dosent Salman Nuriyev də iştirak edirdi.

ADU-nun Mətbuat Xidməti


ADU-da çinli alimlə görüş keçirildi

Oxşar xəbərlər