BMT rəsmisi: “ANAMA” və “Asan Xidmət” kimi qurumların təcrübəsindən digər ölkələr də faydalanmalıdır

BMT rəsmisi: “ANAMA” və “Asan Xidmət” kimi qurumların təcrübəsindən digər ölkələr də faydalanmalıdır Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi, təşkilatın İnkişaf Proqramının (UNDP) Avropa və MDB ölkələri üzrə ofisinin direktoru Cihan Sultanoğlunu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla UNDP arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd edilib. Eyni zamanda XİN-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) humanitar sahədə gördüyü işlər və həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.
C.Sultanoğlu təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və ikitərəfli əməkdaşlıq nəticəsində əldə olunan uğurlardan söz açıb. O, həmçinin, Azərbaycanın “ANAMA” və “Asan Xidmət” kimi qurumlarının təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.
Görüşdə həmçinin bildirilib ki, Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi davamlı inkişaf məqsədlərinə töhfə vermək üçün əlavə imkanlar yaradacaq.


Tehsil-press.az

Oxşar xəbərlər