Bakı Avrasiya Universitetinin tələbələri erkən nikahın fəsadları barədə məlumatlandırılıb

Bakı Avrasiya Universitetinin tələbələri erkən nikahın fəsadları barədə məlumatlandırılıb Bakı Avrasiya Universitetində (BAU) “Gələcək naminə erkən nikaha son!” mövzusunda tədbir keçirilib.

BAU-dan tehsil-press.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi səkkizinci qrant müsabiqəsi çərçivəsində təşkil olunan tədbirə bu ali təhsil ocağının müəllim və tələbələri, ictimaiyyətin nümayəndələri, ekspertlər, jurnalistlər qatılıblar.
Milli Məclisin deputatı Qənirə Paşayeva gəncləri sağlam həyat tərzinə maraq göstərməyə, elmi biliklərə dərindən yiyələnməyə, savadlı olmağa və mənfi vərdişlərdən yayınmağa çağırıb. Vurğulanıb ki, hər bir gənc gələcəyini sağlam əsaslar üzərində qurmalı, nailiyyət əldə etmək üçün ilk növbədə sağlam düşüncəyə malik olmalı, mənfi və müsbət məqamları ayırd etməyi bacarmalıdır.
Layihənin rəhbəri Əli Vəliyev erkən nikahların yaratdığı fəsadlardan danışaraq diqqətə çatdırıb ki, bu cür mənfi halların qarşısının alınması üçün dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Müvafiq istiqamətdə reallaşdırılan uğurlu layihələrin sayı artdıqca gənclərin bu kimi problemlərin həlli yolları ilə bağlı maarifləndirilməsi də müsbət nəticələr verir.
Sonra “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə və digərləri müvafiq mövzunun aktuallığına toxunub, gənclər arasında təbliğat işlərinin aparılması üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir iştirakçılarına “Gələcək naminə erkən nikaha son!” mövzusunun mahiyyətini əks etdirən buklet və broşürlər paylanılıb.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər