Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqatalada

Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqatalada “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Saatlı, Sabirabad və Zərdab məktəbliləri noyabrın 13-də, günün ikinci yarısında “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonuna gəliblər.
Tur-aksiyanın iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm potensialı barədə məlumat verib.
Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 126 min əhalisi olan Zaqatala rayonunda 20-dən artıq xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban yaşayırlar.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. Binanın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Ümumi sahəsi 2765 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün onlarla yeniyetmə və gənc məşğul olur.
Mərkəzin rəqs dərnəyinin üzvləri tur-aksiya iştirakçıları qarşısında milli rəqslər ifa ediblər.
Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Diqqətə çatdırılıb ki, qalanın ümumi sahəsi 11,5 hektar, qala divarlarının uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə var.
Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində çəkilən “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.
Tur-aksiya iştirakçıları qalanın ərazisini gəzib, xatirə şəkilləri çəkdiriblər.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü var. Son illər aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm alıb. Ulu Öndərin möhtəşəm abidəsinin ucaldıldığı bu park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir.
Məktəblilər məşhur “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər. Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan bu muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır və nümayiş etdirilir.
Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq emalı müəssisəsində də olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.

Tehsil-press.az

Oxşar xəbərlər