Azərbaycan Tibb Universitetində “Fitnə” filminın təqdimatı olub

Azərbaycan Tibb Universitetində “Fitnə” filminın təqdimatı olub Azərbaycan Tibb Universitetində (ATU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.
ATU–nun rektoru, professor Gəray Gəraybəyli terrorizmin dünyada aktual problemlərdən birinə çevrildiyini bildirib. “20 il bundan əvvəl ekstremizm və terrorizm ifadələrindən çox nadir hallarda istifadə olunurdu. Ancaq son illərdə hər gün bu sözləri eşidirik. Hətta ekstremizmin dini, siyasi və digər növləri də yaranıb. İndi dünyada elə bir ölkə yoxdur ki, özünü ekstremizmdən və terrorçuluqdan sığortalanmış hesab etsin. Təəssüf ki, Azərbaycan hələ 20 il əvvəl beynəlxalq miqyaslı terrorizmlə üzləşib”, deyərək G.Gəraybəyli qeyd edib.
Rektor müasir dövrdə daha çox gənclərin dini ekstremizmə cəlb olunduğunu, onların müxtəlif vədlərlə aldadılıb terrorçuluğa çəkildiyini bildirib. Professor G.Gəraybəyli “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən komitə sədri maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərəcəyini deyib.
Qeyd olunub ki, dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu “Fitnə” filmi vasitəsilə dolğun şəkildə göstərilir. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.
Tədbir film ətrafında müzakirələrlə davam edib.

ATU-nun Mətbuat Xidməti


Azərbaycan Tibb Universitetində “Fitnə” filminın təqdimatı olubAzərbaycan Tibb Universitetində “Fitnə” filminın təqdimatı olub

Oxşar xəbərlər