Məlumat üçün bildirək ki, oktyabr ayından təqdim edilən “ADPU Səs” mahnı müsabiqəsinin məqsədi tələbələrin yaradıcılıq istedadlarının üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və milli musiqimizin təbliğidir. Oktyabr ayının 15-də keçirilən ilk seçim mərhələsində Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Riyaziyyat və informatika, İbtidai təhsil, Kimya və biologiya, Filologiya, Tarix və coğrafiya, Fizika və texnologiya fakültələrindən və SABAH qruplarından ümumilikdə 55 nəfər tələbə iştirak edib. Onlardan 25 nəfəri II mərhələyə keçiblər. Noyabr ayının 11-də keçirilən II mərhələdə isə 16 nəfər tələbə qalib gələrək final mərhələyə keçmək hüququ qazanıblar.
Qeyd edək ki, final mərhələsi ADPU-nun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının “Qarabağ şikəstəsi”ni səsləndirməsi ilə başlayıb, xalqa, Vətənə, dövlətə, dövlətçiliyə, Azərbaycan Ordusuna sədaqət, şəhidlərimizin müqəddəs ruhuna hörmət, Qarabağda qələbəyə inamı ifadə edən mahnılar səsləndirilib. Sonra tələbələr müxtəlif xalq mahnıları və müasir estrada mahnıarı oxuyublar, rəqslər ifa ediblər. Tələbələr həm də birlikdə məşhur “Tələbə” mahnısını ifa ediblər.
Sonda Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov 2 nominasiya üzrə-milli və müasir musiqi nominasiyaları üzrə I, II, III yerləri tutan tələbələrə pul mükafatı və diplomları təqdim ediblər, digər iştirakçılara isə diplomlar verilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi
