Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF

Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF Qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə fərqli rəqəmlərlə satılması hallarına rast gəlinir.

Məsələ ilə bağlı Tehsil-press.az-a açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi üçün yeni metodun hazırlanmasına ehtiyac var.
M.Quliyev bildirib ki, hazırda dərmanların 95 faizi xaricdən dollarla alınır: “Dolların qiymətində isə hər gün dəyişiklik baş verdiyi üçün dərmanların qiymətinin tənzimlənməsi parkitiki olaraq hər gün aparılmalıdır, amma bu mümkün deyil. Ona görə də yeni metodika hazırlanmalıdır ki, dollara uyğun olaraq dərman qiymətləri də tənzimlənsin”.
Deputat bildirib ki, dolların qiymətində artım müşahidə olunduğu üçün sahibkarlar bəzi dərmanları ölkəyə idxal etmirlər:
“Həm həkimlərin öyrəndiyi, həm də xəstələrin tanıdığı bir sıra dərmanlar artıq gətirilmir. Həmin tərkibdə lakin yeni adda dərmanlar gətirilir ki, bu da bəzən həm həkimlər, həm də xəstələr tərəfindən ya tanınmır, ya da xəstədə həmin dərmanın təsirinə inam olmur. Mən təklif etmişdim ki, ən çox tələbat olan 500 dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın".
M.Quliyev hesab edir ki, icbari tibbi sığortanın tətbiqindən sonra vacib dərmanlar icbari tibbi sığorta paketinə daxil olunarsa, vəziyyət düzələr:
“Bundan əlavə artıq Azərbaycanda bir dərman zavodunun tikintisinə başlanılıb, yaxın vaxtlarda isə daha bir zavodun təməlinin qoyulması nəzərdə tutulur. Bizim bir neçə dərman zavodumuz olsa, onda dərmanların qiyməti dollardan asılı olmaz və əhali daha ucuz qiymətə dərman vasitələri ilə təmin olunar”.

Tehsil-press.az

Oxşar xəbərlər