Berlin Humboldt Universitetində “Almaniyada Azərbaycanlılar” adlı elmi araşdırma keçirilib

Berlin Humboldt Universitetində “Almaniyada Azərbaycanlılar” adlı elmi araşdırma keçirilib Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının həyata keçirdiyi “Almaniyada Azərbaycanlılar” adlı elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunub.

Kafedra müdiri Eva-Maria Auxun rəhbərliyi altında Humboldt Universitetinin magistr tələbələri Raynhard Horbat, Tan Hun, İndira Kriyeziv, Sebastian Lorens, Yohannes Şnelle və Həsən Əli Yıldırım tərəfindən aparılan elmi araşdırma müxtəlif dövrlərdə Berlində mühacir həyatı sürmüş azərbaycanlıların həyat və fəaliyyətinə dair arxiv, həmçinin dövri mətbuatdan əldə edilmiş məlumatların toplanması və ictimaiyyətə təqdim olunması məqsədini daşıyır.
Təqdimat zamanı araşdırma müəllifləri tarixən Almaniyada mühacir həyatı sürmüş azərbaycanlılara dair aşkar etdikləri maraqlı faktları bölüşüblər. Onlar 20-ci əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikası tərəfindən Berlinə təhsil almağa göndərilmiş 30-a qədər azərbaycanlı tələbənin fərdi taleyi, onların üzləşdikləri çətinliklər, mühacirətdə keçdikləri həyat yolu, sosial-siyasi baxışları, bu şəxslərin öz aralarındakı münasibətləri haqqında bir sıra faktları təqdim ediblər.
Tələbələr bildiriblər ki, bəhs olunan dövrdə azərbaycanlı mühacirlər Almaniyanın təhsil, ədəbiyyat, mətbuat, eləcə də iqtisadi həyatında kifayət qədər fəal rol oynayıblar. Məsələn, 1921-1926-cı illərdə Berlində Kurfürstenstrasse 88 ünvanında Əfəndi və Həsənzadə soyadlı iki azərbaycanlı iş adamına məxsus “Mürsəlli” adlı siqaret fabriki mövcud olub və bu fabrik "Altun Kork" adlı məşhur siqaret markası istehsal edib.
Təqdimatda, həmçinin müxtəlif dövrlərdə Türkiyə və İrandan Almaniyaya mühacirət etmiş etnik azərbaycanlıların kollektiv və fərdi kimlik problemlərinə və digər mövzulara toxunulub. Qeyd edilib ki, Almaniya muzeylərində azərbaycanlı mühacirlərlə bağlı eksponatlar da mövcuddur.

Berlin Humboldt Universitetində “Almaniyada Azərbaycanlılar” adlı elmi araşdırma keçirilib

Tehsil-press.az

Oxşar xəbərlər