
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov “Əziz Əliyevin tibb sahəsindəki fəaliyyəti” mövzusunda məruzə edərək bildirib ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkilində müstəsna rol oynayıb. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı vəzifələrində çalışarkən səhiyyə sahəsindəki problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru işləyərkən onun rəhbərliyi ilə çoxsaylı milli elmi nəşrlər hazırlanır, bir sıra tibbi elmi ədəbiyyatlar tərcümə olunur. Əziz Əliyev yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığında, səhiyyə xidmətinin yaxşılaşdırılması, tibbi maarifləndirmə işlərinində yaxından iştirak edir.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli “İstedadlı həkim, fədakar alim”, “Naxçıvan” Universitetinin prorektoru İbrahim Kazımbəyli “Əziz Əliyevin həyatı və dövlətçilik fəaliyyəti”, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov “Əziz Əliyev Azərbaycanda tibb elminin təşkilatçısı kimi” mövzusunda məruzələr ediblər. Məruzələrdə qeyd olunub ki, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verən Əziz Əliyev Azərbaycan KP MK-nın katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi məsul vəzifələrdə çalışıb, müxtəlif vaxtlarda SSRİ Ali Sovetinin, həmçinin Azərbaycan SSR Ali Sovetinin, Dağıstan MSSR Ali Sovetinin deputatı olub, özünü səriştəli ictimai-siyasi xadimi kimi təsdiqləyib. Onun fəaliyyəti müxtəlif dövlət mükafatları ilə yüksək qiymətləndirilib, 1960-cı ildə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı ilə təltif olunub. Dövlət idarəçiliyinin təkmilləşdirilməsində, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində Əziz Əliyevin mühüm xidmətləri vardır.
Konfransda görkəmli dövlət və elm xadimi, unudulmaz ziyalı Əziz Əliyevin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.

