Cocuq Mərcanlı sakinləri: Prezidentimizə təşəkkür edirik ki, bizi doğma yurdumuza qaytarır

Cocuq Mərcanlı sakinləri: Prezidentimizə təşəkkür edirik ki, bizi doğma yurdumuza qaytarır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam, Böyük Qayıdış Proqramının icrasına məhz Cocuq Mərcanlıdan başlanması kənd sakinləri tərəfindən hədsiz sevinclə qarşılanıb. Binəqədi rayonundakı “Platon 1” kiçik müəssisəsinin ərazisində məskunlaşan 68 yaşlı Gəray Hüseynov 24 ildir doğma yurd-yuvasından didərgin düşüb. Yaşının ahıl çağında torpaq həsrəti ilə alovlanan Cocuq Mərcanlı sakini elinə-obasına qovuşacağı günü səbirsizliklə gözləyir. G.Hüseynov deyir: “Vətən şirin şeydir. Kənddə hər cür şəraitimiz var idi, mal-qara, toyuq cücə saxlayırdıq. 1993-cü ildə məcburi köçkün düşdük və burada məskunlaşdıq. Azərbaycan Prezidentinin Cocuq Mərcanlı ilə bağlı Sərəncamı bizi çox sevindirdi. Doğma yurduma qayıdacağım, Lələtəpəyə qalxacağım, yaxınlarımın məzarlarını ziyarət edəcəyim günü həsrətlə gözləyirəm. Lələ düzündə badam bağları salmışdıq. Üzüm sahəmiz var idi. Xeyli məhsul götürürdük. Çox gözəl günlər idi. Elə torpaqlara kim qayıtmaq istəməz ki?!
Cocuq Mərcanlıya qayıtmaq üçün ilk ərizə yazanlardan biri mənəm. Çox sevinirik ki, doğma kəndimizə qayıdıb rahat yaşamağımız üçün bərpa işlərinə başlanılıb. Prezidentimizə minnətdarıq”.
Ailənin xanımı Yaqut Məmmədova da tezliklə doğulub boya-başa çatdığı torpağına qayıtmaq arzusundadır. O deyir ki, Cocuq Mərcanlıya gedən kimi ilk işi ata-babalarının qəbrini ziyarət etmək olacaq: “Əziyyətli günlərimiz olub. Amma bu gün çox sevinirik ki, yurd-yuvamıza gedib ocağımızı yandıracağıq, qonşularımızı görəcəyik. Mehriban qonşularımız var idi. Vətən canımızdır, Vətən hər şeydir”.
Cocuq Mərcanlıya qayıtmaq üçün ərizə verənlərdən biri də Almaz Hüseynovadır. Cəbrayıl rayonu işğal olunandan o da “Platon 1” kiçik müəssisəsinin ərazisində məskunlaşıb. A.Hüseynova 17 yaşından doğma torpağından didərgin düşüb. O, Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamından çox sevindiyini bildirir: “İnsanın doğulduğu el-obasında yaşamasından gözəl hiss ola bilərmi? Kəndimizdə əkirdik-becərirdik. Düzdür, burada da pis yaşamamışıq. Amma əlbəttə ki, heç nə öz torpağımızın yerini verə bilməz. Hara getsək də elimizin-obamızın əvəzini verən yer yoxdur. Qayıdışımıza çox sevinirik. Prezidentimizə təşəkkür edirik ki, bizi doğma yurdumuza qaytarır. Dövlətimizin başçısı keçirdiyi bütün görüşlərdə Qarabağ probleminə diqqət yönəldir, çıxışlarında torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını vurğulayır. Doğma yurd-yuvalarından didərgin düşmüş bütün insanlar bu günü səbirsizliklə gözləyirlər. Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncam bizim hamımızda işğal altındakı bütün torpaqlarımıza tezliklə qayıdacağımıza tam əminlik yaratdı”.

Cocuq Mərcanlı sakinləri: Prezidentimizə təşəkkür edirik ki, bizi doğma yurdumuza qaytarır
Cocuq Mərcanlı sakinləri: Prezidentimizə təşəkkür edirik ki, bizi doğma yurdumuza qaytarır
Cocuq Mərcanlı sakinləri: Prezidentimizə təşəkkür edirik ki, bizi doğma yurdumuza qaytarır

Oxşar xəbərlər