Təhsil naziri Bilkent Universitetini ziyarət edib və azərbaycanlı tələbələrlə görüşüb

Təhsil naziri Bilkent Universitetini ziyarət edib və azərbaycanlı tələbələrlə görüşüb Təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı İhsan Doğramaçı Bilkent Universitetində olub.
Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan bu təhsil ocağının imkanları, bilik öyrətmə texnologiyaları, maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyədə ən çox xarici ölkə vətəndaşı olan professor və müəllim heyətinin çalışdığı İhsan Doğramaçı Bilkent Universiteti elm və təhsil sahəsində böyük uğurlar qazanıb.
İhsan Doğramaçı Bilkent Universitetinin idarə heyətinin sədri professor Əli Doğramaçı, universitetin rektoru Abdullah Atalar və bu təhsil ocağının digər rəhbər şəxsləri görüşdə iştirak ediblər.
Daha sonra nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb.
Mikayıl Cabbarov tələbələr qarşısında çıxış edib. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mahiyyəti, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışan nazir qeyd edib ki, tələbəlik illərində zamandan səmərəli istifadə edərək yüksək təhsil almaq hər bir tələbənin başlıca vəzifəsidir. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini xatırladan təhsil naziri bildirib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə ali təhsil sahəsində böyük uğurlar qazanılıb. Dövlət vəsaiti hesabına nüfuzlu xarici ölkə məktəblərində azərbaycanlı gənclərin təhsil almasına şərait yaradılması xalqımız üçün tarixi qazancdır.
Təhsil naziri Mikayıl Cabbarov tələbələri maraqlandıran sualları cavablandırıb.

Oxşar xəbərlər