ADNSU-da “Baker Hughes” şirkətinin təqdimatı olub

ADNSU-da “Baker Hughes” şirkətinin təqdimatı olub Martın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Baker Hughes” şirkəti “SABAH” qruplarının dördüncü kurs tələbələri üçün təqdimat keçirib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə şirkət tərəfindən universitetin tələbələri üçün nəzərdə tutulmuş təcrübə proqramı haqqında ətraflı məlumat verilib.
Şirkətin nümayəndələri neft və neft quyularının qazılması, texniki parametrlərinin qiymətləndirilməsi, eləcə də şirkətin bu sahədə gördüyü digər işlər barədə təqdimatla çıxış ediblər.
Tələbələrin sualları cavablandırılıb, onlar təcrübə proqramından faydalanmağa dəvət ediliblər.
Sonra tələbələrin bilik və məntiqi düşüncəsini yoxlamaq üçün sınaq test imtahanı keçirilib. Test imtahanında nəticələri yüksək olan tələbələr “Baker Hughes” şirkətinin təcrübə proqramında iştirak imkanı qazanacaqlar.
“Baker Hughes” dünyanın üçüncü ən böyük neft və qaz servis şirkətidir. Şirkətin xidmətləri siyahısına qazma, ehtiyatların qiymətləndirilməsi və yataqların inkişafı daxildir. 90-dan artıq ölkədə fəaliyyət göstərən şirkətin baş ofisi Hyustondadır.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər