Kamil Zeynallının məhkəməsinə aparıcı Şəbnəm Həsənova çağırıla bilər

Kamil Zeynallının məhkəməsinə aparıcı Şəbnəm Həsənova çağırıla bilər Xətai rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın idmançı Kamil Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Ə.Ağayevanın vəkili Vüqar Səfərli Təhsil-press.az-a bildirib ki, hazırlıq iclasında cavabdehin anket məlumatları dəqiqləşdirilib. Prosesdə K.Zeynallının vəkili məhkəməyə qarşılıqlı iddia qaldıraraq Ə.Ağayevanın bu prosesdə qanunsuzluğa yol verdiyini deyib. Vəkil bildirib ki, guya Ə.Ağayeva K.Zeynallıdan müsahibə alarkən ona qərəzli suallar verib və bu da jurnalist etikasından kənardır: "Əslində, isə Əfruzə xanım jurnalist prinsiplərinə zidd hərəkət etməyib, o aparıcı Şəbnəm Həsənovanın Kamil Zeynallı tərəfindən təhqir olunduğu barədə yayılan videolar və şərhlər barədə suallar verib. Biz növbəti prosesdə Şəbnəm Həsənovanın da maraqlı tərəf kimi prosesə dəvət edilməsi barədə vəsatət qaldıracağıq. Çünki, bu prosesdə onun da hüquqları pozulub".
Prosesdə hakim tərəflərə barışıq təklifi etsə də, Ə.Ağayeva və onun müdafiə tərəfi bu təklifi şərt əsasında qəbul edib. Vəkil bildirib ki, K.Zeynallı sosial şəbəkə və saytlar, həmçinin video sujet vasitəsilə günahını boynuna almalı, Ə.Ağayevadan həmin vasitələrlə üzr istəməlidir. Bu prosesdən sonra tərəflər arasında barışıq baş tuta bilər.
İş üzrə hazırlıq iclası yekunlaşıb və məhkəmə baxışı martın 17-ə təyin edilib.
Xatırladaq ki, idmançı K.Zeynallı jurnalist Ə.Ağayevanı sosial şəbəkələr və saytlar vasitəsilə təhqir edib. Buna görə də Ə.Ağayeva məhkəməyə müraciət edərək K.Zeynallının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb edib.

Oxşar xəbərlər