Ali məktəblərdə yeni ixtisaslar açıla bilər

Ali məktəblərdə yeni ixtisaslar açıla bilər “Vaxtilə sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsili ilə bağlı qəbul edilən qanunda defektoloq-loqoped mərkəzlərin, ciddi bioloji komissiyaların yaradılması nəzərdə tutulmuşdu. Lakin həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib”.

Təhsil-press.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev komitənin bugünkü iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi III oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, defektologiya pedaqogikanın bir hissəsidir və bütün dünyada da belə qəbul olunub: “Defektoloq-loqopedlər fiziki, psixi qüsurlu uşaqlarla məşğul olurlar. Bu gün Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarında da loqopediya-defektologiya müəllimlik peşə ixtisasında gedir və pedaqoji universitetlərdə bu ixtisasla bağlı dövlət standartarı qəbul edilib. Loqopediya olduqca mürəkkəb sahədir. Onun tədris planlarının daxilində fiziologiya, nevrologiya, psixologiya var. Bütün dünyada nitq qüsurlarının aradan qaldırılmasına diqqət göstərilir. Çünki təfəkkürün inkişafı nitqdən asılıdır. Nitqdə qüsur varsa, yaradıcı, müstəqil təfəkkürün inkişafına nail olmaq mümkün deyil".
B.Əliyev çıxışında qeyd edib ki, Azərbaycanda da loqoped-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla, bununla bağlı Nazirlər Kabinetinə təkliflər verilə bilər: "Bundan əlavə, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, rayon icra hakimiyyətləri, bələdiyyələr bununla bağlı çıxış edərək sözügedən fakültənin ali məktəblərdə açılması ilə bağlı məsələyə baxa bilərlər. Bu mütəxəssislərin məktəbəqədər təhsilə cəlb edilməsi də mütləq məsələdir”.
Deputatın sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri yalnız ali pedaqoji təhsilə malik olmalıdırlar: “Məktəbəqədər təhsilə ölkəmizdə xüsusi diqqət yetirilir. Bununla bağlı müəyyən proqramlar qəbul olunub və həyata keçirilib. Məktəbəqədər təhsilə cəlb olunan uşaqlar ilk növbədə Azərbaycan dilində təhsil almalıdır. Uşaqlarımız ilk növbədə Azərbaycan dilini öyrənməlidirlər. Təfəkkürümüzü də o ruhda formalaşdırmalıyıq".

Təhsil-press.az

Oxşar xəbərlər