Memarlıq və İnşaat Universiteti Plagiat.pl şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Memarlıq və İnşaat Universiteti Plagiat.pl şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Plagiat.pl MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Mərasimdə rektor Gülçöhrə Məmmədova elmi işlərin, dərs vəsaitlərinin, monoqrafiyaların və s. plagiat baxımından yoxlanılmasının ali təhsil müəssisəsi üçün çox vacib olduğunu, Təhsil Nazirliyinin də bu məsələyə diqqətlə yanaşdığını bildirib. Müxtəlif antiplagiat proqramlarının mövcud olduğunu deyən rektor StrikePlagiarism.com antiplagiat sisteminin universitetdə istifadəsi ilə bağlı Plagiat.pl MMC ilə danışıqlar getdiyini iştirakçıların diqqətinə çatdırıb: “Bu şirkətlə işbirliyi qurmağa qərar verdik, birillik müqavilə imzalayacağıq”.
MMC-nin Azərbaycan filialının direktoru Əli Təhməzov isə qeyd edib ki, Plagiat.pl (Strikeplagiarism.com beynəlxalq brendin adıdır) 2002-ci ilin iyun ayında yaradılıb. Şirkət pedaqoqlara universitetlərdə plagiat ilə mübarizədə dəstək göstərir. Strikeplagiarism.com Polşa, Rumıniya, Almaniya, Kolumbiya bazarlarının lideridir, həmçinin MDB məkanında Qazaxıstan, Ukrayna, Moldova və Azərbaycanda fəaldır.
Vurğulanıb ki, müqavilənin şərtlərinə uyğun olaraq universitetdə tədqiqatçılar üçün Strikeplagiarism.com antiplagiat sisteminin istifadəsinə dair təlimlərin keçirilməsi planlaşdırılır.
Sonra tərəflər əməkdaşlıq müqaviləsi imzalayıblar.

AzMİU-nun Mətbuat Xidməti


Memarlıq və İnşaat Universiteti Plagiat.pl şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Oxşar xəbərlər