İlham Əliyev: Azərbaycan nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkədir

İlham Əliyev: Azərbaycan nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkədir Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində bildirib.
Dövlət başçısı bildirib: "Birinci rübdə ölkəmiz uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda öz əksini tapıb. Hələ keçən ilin sonlarında mən tam əminliklə qeyd etmişdim ki, 2017-ci ildə ölkəmizin sürətli inkişafı təmin ediləcəkdir. Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür, ordu quruculuğu uğurla gedir və əminəm ki, biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.
Əfsuslar olsun ki, dünyada və regionda mövcud beynəlxalq vəziyyət hələ ki, çox gərgindir. Mövcud olan münaqişələr, qanlı toqquşmalar davam edir. Yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımlar atılmamışdır. Əksinə, bir daha qeyd etmək istəyirəm ki, risklər artır. Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi bundan narahatıq və öz tədbirlərimizi görürük ki, Azərbaycan dövləti və Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək.
İlin əvvəlindən beynəlxalq fəaliyyətimiz də çox uğurlu olmuşdur. Mən birinci rübdə 7 xarici səfər etmişəm. Bu səfərlərin çox böyük əhəmiyyəti var. İlk növbədə, beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin maraqlarının təmin edilməsi üçün çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, dünyanın iki mötəbər beynəlxalq tədbiri var – biri Davos Ümumdünya İqtisadi Forumu, hansı ki, siyasi və iqtisadi məsələləri diqqətdə saxlayır və dünyanın siyasi və iqtisadi elitası orada iştirak edir. İkincisi isə Münxen Təhlükəsizlik Konfransıdır, bu da daha çox təhlükəsizlik və siyasi məsələlərin müzakirəsinə həsr olunur. Hər iki mötəbər tədbirdə iştirak edərkən mən ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdım. Eyni zamanda, Davos İqtisadi Forumunda dövlət başçıları, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, bizim maraqlarımızı təmin edir. Mən 10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirak edirəm və o görüşlər əsnasında ölkəmiz üçün bir çox önəmli layihə həyata keçirilir. Əlbəttə, bizim bu tədbirlərdə iştirakımız, fəal rolumuz ölkəmizə rəğbəti, hörməti artırır və bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır.
Birinci rübdə Avropa Komissiyasına mənim uğurlu səfərim olub. Biz buna da çox böyük əhəmiyyət veririk. Çünki Avropa ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlarımızdır və biz Avropa İttifaqı ilə uzun illərdir ki, səmərəli əməkdaşlıq aparırıq. Bu dəfə də Avropa qurumlarının rəhbərləri ilə bütün görüşlər çox səmimi, qarşılıqlı anlaşma şəraitində keçmişdir, bütün danışıqlar və söhbətlər qarşılıqlı hörmət əsasında aparılmışdır. Həm Avropa Komissiyasının rəhbərləri, həm mən bunu rəsmi çıxışlarda da qeyd etmişdik. Eyni zamanda, biz səfərdən dərhal sonra Avropa Komissiyası ilə yeni saziş üzərində danışıqlara başlamışıq və əminəm ki, bu danışıqlar tezliklə yaxşı nəticələrə gətirib çıxaracaqdır.
Mənim rəsmi səfərlərim də olub. Pakistan İslam Respublikasına çox uğurlu səfərim olubdur. Pakistan bizim üçün çox yaxın, dost, qardaş ölkədir. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinə görə Pakistan Ermənistanla heç bir əlaqə qurmayıb, diplomatik əlaqələri yoxdur. Biz bu mövqeyi çox yüksək qiymətləndiririk. İkitərəfli əlaqələrimizin gündəliyi genişlənir, həm iqtisadi, siyasi, eyni zamanda, hərbi-texniki əməkdaşlıq da müzakirə mövzusudur və yaxşı nəticələr də var. Biz son 5 il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrlik etmişik və Pakistanda bu təşkilatın zirvə görüşündə də bizim sədrliyimiz dövründə gördüyümüz işlərə yüksək qiymət verilmişdir.
Qətər Dövlətinə mənim uğurlu səfərim olubdur. Biz Körfəz ölkələri ilə çox yaxın əlaqələr qurmuşuq. Qətər bizim üçün çox yaxın, dost ölkədir. Qətərin Əmiri Azərbaycana səfər etmişdir, mən də cavab səfərim çərçivəsində çox uğurlu danışıqlar aparmışam, siyasi və iqtisadi, sərmayə qoyuluşu, birgə iqtisadi fəaliyyət sahələrində gələcək əməkdaşlıq çox geniş müzakirə edilmişdir.
İran İslam Respublikasına uğurlu səfərim də artıq ənənəvi xarakter daşıyır. Mən son bir neçə il ərzində İrana 3 dəfə rəsmi səfər etmişəm. İran Prezidenti də Azərbaycana müntəzəm olaraq rəsmi səfərlər edir. Mən son 3 il ərzində İran Prezidenti ilə 8 dəfə görüşmüşəm. İran bizim üçün dost, qardaş ölkədir, yaxın qonşudur. İranla əlaqələrimizin möhkəmləndirilməsi həm ölkəmizin maraqlarına xidmət edir, eyni zamanda, bölgə üçün də çox önəmlidir. Bu, bölgədə sabitliyi möhkəmləndirir və ikitərəfli formatda çox önəmli məsələlər müzakirə edildi. Yenə də bir çox sazişlər imzalandı və əvvəlki illərdə imzalanan sazişlər artıq həyatda öz əksini tapır. Əldə olunmuş bütün razılaşmalar icra edilir və həm ticarət dövriyyəsinin artırılmasında, - İranla bizim ticarət dövriyyəmiz təqribən 70 faiz səviyyəsində artmışdır, - eyni zamanda, nəqliyyat, energetika, logistika və digər sahələrdə çox uğurlu əməkdaşlıq aparılır.
Yeddinci səfərim Fransaya rəsmi səfərim olmuşdur. Bu səfərin də çox böyük mənası var. Fransa dünyanın aparıcı ölkələrindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Minsk qrupunun həmsədridir. Bu səfər də çox uğurlu keçdi, Fransa-Azərbaycan dostluq əlaqələri bir daha təsdiqləndi. Mənə Fransada çox böyük hörmət göstərildi. Siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi göstərdi ki, Fransa-Azərbaycan əlaqələrinin artıq çox möhkəm dayaqları var. Bu ölkədə Azərbaycana çox böyük maraq var, orada Fransanın aparıcı biznes qurumları ilə keçirdiyim görüş, - bu görüş təqribən iki saata yaxın çəkdi, - göstərdi ki, doğrudan da, həm çox böyük maraq var, həm də bizim gördüyümüz işlərə çox yüksək qiymət verilir və Fransa şirkətləri Azərbaycanda böyük həvəslə fəaliyyət göstərirlər.
Bax, sadaladığım ancaq bu yeddi səfər göstərir ki, bizim diplomatiyamız çox uğurludur, beynəlxalq mövqelərimiz möhkəmlənir və Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Hətta bir-biri ilə o qədər də yaxşı münasibətlər qurmayan ölkələr Azərbaycanla əməkdaşlığa gəldikdə, tərəddüdsüz və birmənalı şəkildə bu əməkdaşlığın dərinləşməsinə maraq göstərirlər və maraqlıdırlar. Biz isə bütün ölkələrlə, xüsusilə bölgədə yerləşən ölkələrlə əlaqələrimizi daha da genişləndiririk. Bu, həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edir, həm də bölgədə əməkdaşlıq ruhunu gücləndirir və sabitliyi möhkəmləndirir.
Eyni zamanda, bu ilin birinci rübündə yeddi dövlət başçısı Azərbaycana səfər etmişdir. Bu da çox önəmlidir. Çünki bu səfərlər həm ölkəmizə olan hörmətin əlamətidir, eyni zamanda, səfərlər çərçivəsində çox ciddi müzakirələr aparılır və görün, bizim beynəlxalq təmaslarımız nə qədər çoxşaxəlidir.
Birinci rübdə Azərbaycanda V Qlobal Forum keçirilmişdir. Bu da artıq dünya miqyasında önəmli beynəlxalq tədbirlərin sırasına daxil edilib. Bu Forumda dünyanın 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçıları iştirak etmişlər.
Bir hadisəni də qeyd etmək istəyirəm. Bu da çox əlamətdar hadisədir. Əslində, bu hadisə bizim dünyadakı rolumuzu əks etdirir. Bu da Amerika və Rusiya ordularının Baş Qərargah rəislərinin birinci görüşünün Bakıda keçirilməsi hadisəsidir. Hər iki ölkə Azərbaycanı birinci görüş üçün seçməklə həm bizə olan hörmətini növbəti dəfə ifadə edir, həm də bu, bizim rolumuzu əyani şəkildə sübut edir. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib. Əlbəttə ki, birinci rübdə beynəlxalq fəaliyyətimizdə bir çox digər önəmli hadisələr də baş vermişdir. Ancaq əsas məsələlər bundan ibarətdir".

Təhsil-press.az

Oxşar xəbərlər