ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib Mayın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İbtidai təhsil fakültəsinin magistrantlarının xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu günlər respublikamızda xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunan müxtəlif tədbirlər keçirilir. ADPU-da da bu münasibətlə tədbirlər keçirilir və bu tədbirlərin davamlı olması nəzərdə tutulur. Qeyd edib ki, ölkəmiz dəyişir, yeniləşir, müasirləşir və milli təhsil sistemimiz də buna uyğun olaraq yenilənir. ADPU-da keçirilən bugünkü konfrans da bu yeniliyin bir nümunəsidir. Elmə gedən böyük yolun məhz belə konfranslardan başladığını deyən rektor konfransın işinə uğurlar arzulayıb.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında böyük xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev həmişə elm və təhsilə xüsusi diqqət və qayğı göstərib. Belə konfranslar universitetimizdə intellektual potensialın güclənməsinə səmərəli təsir göstərir.
İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva çıxış edərək konfransın keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Onlar belə konfransların gənclərin elmi fəaliyyətə cəlb edilmələrinə müsbət təsir göstərdiyini vurğulayaraq konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında 5 məruzə dinlənilib. Plenar iclasa yekun vuran rektor Cəfər Cəfərov professor-müəllim heyətinə, elmi rəhbərlərə magistrantlarla daha çox işləməyi və onların elmi-tədqiqat işlərinə tələbkarlıqla yanaşmağı tövsiyə edib.
Plenar iclasdan sonra konfrans işini 3 bölmədə: İbtidai təhsilin pedaqogikası və metodikası, Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası, Azərbaycan dili və onun tədrisi metodikası bölmələrində davam etdirib. Konfransda ümumilikdə 94 məruzə dinlənilib. Məruzələrdə ibtidai təhsilin pedaqogikası və metodikası, Azərbaycan təhsilində kurikulum islahatı, ibtidai sinif müəlliminə verilən innovativ-pedaqoji tələblər, fəal-interaktiv dərsin mərhələləri, yeni pedaqoji texnologiyalara didaktik yanaşma, monitorinq və qiymətləndirmə anlayışının mahiyyəti və məzmunu, ibtidai məktəbin təlim prosesində inteqrasiyanın əhəmiyyəti, müəllim fəaliyyətinin diaqnostikası, təlim prosesində pedaqoji diaqnostikanın metodlarından istifadə imkanları və təhsilalanların diaqnostikası, təhsil prosesində informasiya-kommunikasiya texnologiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsinin təlim-tərbiyə prosesində yeri, pedaqoji diaqnostikanın məqsəd və vəzifələri, keyfiyyətə nəzarətdə qiymətləndirmənin rolu, tələbələrin yaradıcılığında innovasiyaların rolu, müasir təhsildə milli-mənəvi dəyərlərin saxlanılması, qloballaşma şəraitində milli-mədəni ənənələr, tolerant düşüncə və digər vacib məqamlar əhatə olunub. Qeyd edək ki, konfransa təqdim edilən məqalələr və məruzələr “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş ADPU-nun İbtidai təhsil fakültəsinin magistrantlarının elmi-praktik konfransının materialları” adı ilə kitab şəklində çap edilib.
Konfransın yekun iclasında bölmə sədrlərinin hesabatları dinlənilib, ən yaxşı məruzələrin müəllifləri I, II və III dərəcəli diplomlarla təltif ediliblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər