Azərbaycandan gələn məktəblilər Tbilisidə Ulu Öndərin abidəsini ziyarət ediblər

Azərbaycandan gələn məktəblilər Tbilisidə Ulu Öndərin abidəsini ziyarət ediblər Bakı şəhəri Nizami rayonu 328 nömrəli, Nəsimi rayonu 44 nömrəli və Salyan rayon Sarvan kənd orta məktəblərinin müəllim və şagirdləri Gürcüstanda səfərdədilər.
Onlar, mayın 28-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər. Müəllim və şagirdlər Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirə şəkili çəkdiriblər.
Nizami rayon 328 nömrəli məktəbin direktoru Asim Nəbiyev təhsil-press.az-a müsahibəsində deyib ki, Gürcüstana səfərdən məqsəd boloniya təhsil sistemi çərçivəsində iki ölkənin məktəbləri arasında əlaqələri inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və şagirdlərin inteqrasiyasının gücləndirməkdir.
Azərbaycandan gəlmiş müəllimlər Bolnisi rayonunun Kəpənəkçi kəndindəki 1 nömrəli məktəbdə dərs deyəcək, müəllim və şagirdləri maraqlandıran sualları cavablandıracaqlar.
Məktəblilər Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla da görüşüblər.
Səfir onları salamlayıb və bu cür səfərlərin ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafındakı rolunu xüsusi qeyd edib.
Sonra onlar, Dursun Həsənov və Tbilisidə səfərdə olan Milli Məclisin deputatları ilə xatirə şəkili çəkdiriblər.

Təhsil-press.az

Oxşar xəbərlər