Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq Qərb Universitetində yeni yaradılmış yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsində ayrı-ayrı mühəndislik istiqamətləri üzrə kadr hazırlığı aparılacaq.
Növbəti tədris ilindən etibarən yerquruluşu, torpaq və şəhər kadastrı, mexatronika və robototexnika, poliqrafiya, elektronika, telekommunikasiya və radiotexnika, cihazqayırma, mexanika, mühəndis sistemlərinin və qurğularının tikintisi, sistem, ekologiya, təkrar emal və bərpa texnologiyaları, meşə materiallarının və ağac emalının texnologiyası, mexanika və kompüter mühəndislikləri ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək.
Fakültədə yaradılmış Geomatika Mərkəzi ölkəmizdə bir ilkdir. Mərkəz coğrafi informasiya sistemləri, geodeziya və xəritəşünaslıq, fotoqrammetriya, məsafədən zondlama, ətraf mühit və ekologiya, torpaqşünaslıq və s. sahələr üzrə praktik tədris aparmağa imkan verəcək.
Bu sahələr üzrə ixtisaslı kadrların hazırlanması üçün universitetdə ən müasir laboratoriyalar qurulur. Laboratoriyaların təşkilinə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı xüsusilə vurğulamaq olar. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq. Universitetdə ağac emalı ilə bağlı istifadə olunacaq qurğular da tətbiq ediləcək.
Qərb Universitetdə daha bir unikal laboratoriya - genetik analizlərin aparılmasına imkan verən laboratoriya da qurulur.
Mühəndislik ixtisaslarının tələbələri bir sıra müvafiq dövlət qurumlarında və aparıcı özəl şirkətlərdə təcrübə keçəcəklər. Universitet bu istiqamət üzrə beynəlxalq layihələrə qoşulmağı, tələbələrinin müxtəlif beynəlxalq proqramlarda iştirakını təmin etməyi planlaşdırır. Tələbələrin dünyanın nüfuzlu universitetlərində təcrübə keçməsi üçün də müvafiq işlər aparılır.

Mətbuat Xidməti

Oxşar xəbərlər